36
11:07
28 İyul 2016

"Petkim"in sabiq rəhbərinin saxlanma səbəbi açıqlandı - YENİLƏNİB

"Petkim Petrokimya Holding A.Ş."-nin sabiq baş icraçı direktoru Saadettin Korkutun saxlanılması və şirkətin bəzi əməkdaşlarının işdən azad olunmasına münasibət bildirib.

SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev "APA-Economics"ə açıqlamasında deyib ki, S. Korkut dünən tutduğu vəzifədən azad olunub və onu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib: "Bu gün saat 12:00-də Anar Məmmədov kollektivə təqdim olunacaq".

N. Quliyev əlavə edib ki, "SOCAR Turkey Energy" şirkətində baş verən kadr islahatları çərçivəsində işdən çıxarılmış başqa rəhbər vəzifəli şəxslər də var: "Onlardan birinin şikayəti əsasında "Petkim Petrokimya Holding A.Ş."-nin sabiq baş icraçı direktoru Saadettin Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb".

***

09:58

"Petkim Petrokimya Holding A. Ş."-yə yeni rəhbər təyin olunub.

"APA-Economics" xəbər verir ki, holdinqin baş direktoru vəzifəsi Anar Məmmədova həvalə olunub.

Qeyd edək ki, A. Məmmədov eyni zamanda SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəridir.

***

04:49

"Petkim Petrokimya Holding A. Ş." neft-kimya kompleksinin baş direktoru Saadettin Korkut saxlanılıb.

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, eyni zamanda, S. Korkutun evində və iş yerlərində axtarış aparılıb. Həbsdən öncə holdinq rəhbəri tutduğu vəzifədən istefa verib.

Bundan başqa, holdinqin, o cümlədən onunla əlaqəsi olan digər müəssisələrin də rəhbərliyində təmsil olunan bir neçə şəxsin işindən uzaqlaşdırıldığı iddia olunur.

Ümumilikdə, 200-dən çox şəxs işdən uzaqlaşdırılıb. Onların arasında "SOCAR Turkey Energy" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə bölmənin rəhbəri Ömər Adsız, STAR zavodunun insan resursları üzrə direktoru Fuat Ulagay və onun "SOCAR Turkey Energy"dən olan həmkarı İlqar Mehmetoğlu, "SOCAR Turkey Energy"nin elmi tədqiqat üzrə direktoru Çetin Korkut da istefa verib. Bildirilir ki, onların işdən uzaqlaşdırılmasına səbəb FETÖ ilə əlaqələrinin olmasıdır.