78
12:10
26 İyul 2016

700 bal toplayan abituriyent: “Ən yaxşısı öz vətənimizdir”

Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. Lent.az -ın məlumatına görə, üçüncü qrup üzrə ən yüksək bal, yəni 700 bal toplayan iki nəfərdən biri Bakı şəhəri, 220 saylı məktəb-liseyin məzunu İsayev Elvin Manaf oğludur.

E.İsayev Lent.az -a açıqlamasında bildirib ki, rekord balı ciddi hazırlaşması nəticəsində əldə edib: “3 il idi gecə-gündüz çalışırdım. Sosial şəbəkələrdən, saytlardan uzaq dururdum. Nəticədə istəyimə nail oldum. İmtahan da yaxşı keçdi, hər şey ürəyimcə oldu”.

Hərrbçi övladı olan 17 yaşlı Elvin bildirib ki, ali təhsilini Bakıda almaq istəyir: “Amma fikrimi hələ ki, tam qətiləşdirməmişəm. Yaxın günlərdə qərar verəcəyəm. Onu bilirəm ki, mütləq Azərbaycanda oxuyacağam. Ən yaxşısı öz vətənimizdir”.