40
11:57
25 İyul 2016

Çağırışa gedib... döyülən təcili yardım həkimləri - REPORTAJ

Bura Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasıdır. İstədik ki, bir günümüzü onlara keçirək və iş proseslərini izləyək.
Stansiyanın baş həkimi Rauf Nağıyevin dediyinə görə, havaların isti keçməsi ilə əlaqədar çağırışların sayı artıb. Gün ərzində orta hesabla 1800-2000-ə yaxın müraciət qəbul edilir.
Baş həkimin fikrincə, əhali arasında təcili yardıma yanaşma düzgün deyil və bəzən onlardan təcili yardıma aid olmayan işləri tələb edirlər. Əksəriyyəti poliklinikalara müraciət etmək əvəzinə, təcili yardıma müraciət edir ki, bu da onların işlərinə maneçilik yaradır.
Bakı şəhəri üzrə 138 briqada fəaliyyət göstərir. 2000 çağırışın icrası çeşidləmə aparılmadan icra etmək mümkün deyil: "Bizdə hər bir həkimin və orta tibb işçisinin protokola uyğun vəzifə funksiyası var. Çağırışı qəbul edən tibb bacısı protokola uyğun sualları verib, ona uyğun cavabları almalı, bunu sənədləşdirməlidir. O formada da qəbul olunduğu informasiyaları da səyyar briqadaya ötürür ki, briqada ünvanı vaxtında tapsın. İkincisi, onun verdiyi çağırışın səbəbinə uyğun olaraq biz mütəxəssisləri seçirik, xəstənin verdiyi məlumat əsasında həyata keçiririk. Bu informasiyalar, verilən protokollara uyğun suallar cavablandırılmır. Adını soruşursan kobudlayır, yaşını soruşursan kobudlayır, vətəndaş bilmir axı bunun mənası nədir. Məqsəd düzgün seçim edərək ora lazımi briqadanın göndərilməsidir. Əgər səyyar briqada göndərilirsə, həmin o briqada digər briqadanı göndərirsə, bu artıq iki qatına gedişdir və vaxt itkisidir".
Rauf Nağıyevin sözlərinə görə, təcili tibbi yardımın iş icrası zəncirvarı xarakter daşıyır. Hər hansı xəstənin üzərində uzun müddət dayandıqda, üst-üstə yığılır və istər-istəməz ləngimələr bir-birini davam etdirir. Bundan başqa, pik saatlarda yollardakı tıxaclar da gecikmələrə səbəb olur. Ən böyük problemi isə çağırış zamanı ünvanların düzgün verilməməsi yaradır: "Əhali öz yaşadığı ünvanı bilmir. Soruşanda harada yaşayırsınız, hansısa marketin ünvanını deyir, yaxud hansısa tikilini deyir, hansı ki, ona uyğun tikililər Bakı şəhərində çoxdur. Bəzən olduğu ünvanı bilmir, biz xahiş edirik, ya şəxsiyyət vəsiqəsindən, ya da kommunal ödəniş qəbzlərinin üstündə olan ünvanı bizə desin ki, ünvanı tapa bilək. Heç bir həkim istəməz ki, geciksin, yaxud da onun işində xoşagəlməz hallar müşahidə edilsin".
Baş həkim deyir ki, bəzən heç bir səbəb olmadan həkimlər təzyiqlərə məruz qalır: "Həkimlərə fiziki zor tətbiq olunması. Təəssüflər olsun ki, belə hallarla da biz rastlaşırıq. Bir neçə dəfə bellə hallar olub, biz hüquq-mühafizə orqanlarına bu barədə həm telefonla, həm də yazılı məlumatlar vermişik. Tərəflərindən çox ciddi nəzarətə götürülür, tədbirlər görülür".
Təcili Tibbi Yardım Stansiyasına gün ərzində yüzlərlə zəng qəbul olunur. Həmin çağırışlar məhz bu otaqda qəbul edilir, daha sonra isə yönəltmə otağına ötürülür.
Hər şey göründüyü kimi asan və rahat deyil. Bu otaqlarda çalışan operatorlar gün ərzində müxtəlif xasiyyətli insanlarla ünsiyyətdə olur. Əməkdaşlar onlara zəng edən hər bir şəxsi razı salmalı, onların çağırışlarına tez bir zamanda reaksiya verməlidir. Operatorlar deyir ki, onlara zəng edənlərin əksəriyyəti kobud danışır və bəzi hallarda isə təhqir edirlər: "Hazırda çağırış gəldi, mən də cavab verdim. Öz kod nömrəmi də dedim. Haradasa 2-3 dəqiqə mən təkrarən deyirəm təcili yardım, mənə cavab verən olmadı. Bax, bu boş zənglərdən ötrü təzə gələn zəng gecikir. Biz də nəzərə alırıq ki, bunun da xəstəsi qalıb. Amma elə vaxt olur ki, adi temperaturla zəng edən adam ağızlarından çıxan elə sözləri deyirlər ki, öz adamlarına heç vaxt qıyıb o sözü deməzlər. Eləsi var zəng edib rayonu deyir, soruşursan ki, qəsəbəsini de. Adi Sabunçu rayonunda Zabrat, Bakıxanov, Zabrat 1, Zabrat 2, Maştağa və s. qəsəbələr var. Bunlar qəsəbəni deməsə, həkim gedib harada axtarsın, nəyi axtarsın. Haradasa 30 saniyə lazımdır, ki, bunlar hamısını desinlər. Elə vaxt olur ki, affekt vəziyyət olur, biz özümüz də başa düşürük ki, artıq xəstənin adını, soyadını soruşmaq lazım deyil. Özümüz də yazıb veririk, həkim də çalışır ki, çatsın ora. Amma eləsi var ki, deyə bilər də onu yüngül xəstəliklərdə, amma demir. Ondan sonra olan çağırışı gecikdirir. Soruşanda da artıq söz-söhbət. Baxın, indi zəng edən hər şeyi dedi, adresi də düz dedi. Bizim də həkimlərə lazımdır əsas harada gözləyir. Həkim gəlir axtarır, haradasa vaxt gedir. O biri çağırışlar artıq ləngiyir".
Operator deyir ki, ən pik vaxtlar saat 6-dan 9-a kimidir. Dəniz mövsümündə isə çağırışların sayı artır. Müsahibimizin sözlərinə görə, bəzi hallarda çağırış edilir, amma müəyyən səbəblərdən lazım olmur, bundan sonra isə həmin çağrı ləğv edilmir. Bu isə növbəti çağırışa gecikməyə, həm də əlavə məsrəfə səbəb olur: "Məsuliyyətli adam özü zəng edib deyir ki, ya küçədə olur, onun özünün adamı aparır harasa, ya bu adam özünü yaxşı hiss etdi getdi evə. Eləsi var ki, məsuliyyət hissi var, tez də zəng edib deyir ki, həkimə zəhmət verməyin, eləsi də var deyir həkimdir də, gəlir də. Axı həkim gəlir görür ki, xəstə yoxdur. Çıxıb gedir, onun artıq o biri çağırışı ləngiyir".
Operator Nigar Əkbərova: "103 tərəfindən bizə çağırışlar qəbul olunur. Bundan sonra biz onu həkimlərə yönləşdiririk. Mən bu dəqiqə Binəqədi ərazisinə baxdığıma görə Binəqədinin çağırışlarını ötürürəm. Biz monitorla izləyirik. Həkim ünvandan çıxan kimi biz artıq burdan bilirik. Həkim bizə deməmiş belə biz artıq bilirik ünvandan çıxıb".
Həkim briqadası ilə birlikdə çağırış olan ünvana yollanırıq. Getdiyimiz ilk ünvanda çəkiliş etməyə icazə verməsələr də, növbəti çağırışa yollandıq. Çağırış edən isə gözəllik salonunda işləyən Türkiyə vətəndaşı idi. Dənizə gedən salon işçisi özünü pis hiss etdiyinə görə təcili tibbi yardıma müraciət edib.
Çalışdıq ki, təcili tibbi yardımın bir günlük fəaliyyətini qısa da olsa, sizə təqdim edək. Çalışın sağlamlığınızı qoruyun!