57
12:32
22 İyul 2016

Bağlanan dörd banka görə Mərkəzi Bankdan kredit götürüləcək - YENİLƏNİB

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən lisenziyaları ləğv olunan "Dekabank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 5 mln. 585 min manat təşkil edir.


"APA-Economics" xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu bankda qorunan əmanətlərin cəmi 3 mln. 767 min manat, kompensasiya olunan əmanətlərin isə 2 mln. 807 min təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir.

“Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 103 mln. 969 min manat, qorunan əmanətlərin cəmi 61 mln. 949 min, kompensasiya olunan əmanətlərin isə 54 mln. 885 min təşkil edir. Qorunan əmanətçilərin sayı 26 min 324 nəfərdir.

“Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 53 mln. 632 min manat, qorunan əmanətlərin cəmi 53 mln. 631 min, kompensasiya olunan əmanətlərin isə 36 mln. 350 min təşkil edir. Qorunan əmanətçilərin sayı 10 742 nəfərdir.

“Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 24 mln. 272 min manat, qorunan əmanətlərin cəmi 20 mln. 956 min, kompensasiya olunan əmanətlərin isə 32 mln. 914 min təşkil edir. Qorunan əmanətçilərin sayı 3 544 nəfərdir.

A. Cavadovun sözlərinə görə, kompensasiyaların verilməsi üçün hələ ki agent bank seçilməyib: "Bu, məhkəmənin sığorta hadisəsinin baş verməsi ilə bağlı qərarından sonra bəlli olacaq".

***

12:14

Sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödəmək üçün Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan kredit götürəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bağlanan 4 bank üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 126 mln. 956 min manat təşkil edir: "Bizim hazırda 26 milyon manata yaxın vəsaitimiz var. Bizə bağlanan banklarda əmanətçilərə kompensasiya vermək üçün 100 mln. manata ehtiyacımız var. Biz bununla bağlı Mərkəzi Banka müraciət edəcəyik".

A. Cavadov əlavə edib ki, banklarda əmanətlərin təqribən 80%-i xarici valyutada, 20%-i milli valyutadadır.