30
11:01
22 İyul 2016

Mətbuatımızın səviyyəsi sizi qane edirmi? - SORĞU

Bu gün Azərbaycanda Milli Mətbuat günü qeyd olunur. Artıq 141 ildir ki, Azərbaycan mətbuatı öz oxucularının xidmətindədir. 1875-ci ildə Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə əsasını qoyduğu Azərbaycan jurnalistikası bu günə qədər keşməkeşli yol keçib. Mediamızın taleyinə xalqı maarifləndirmək də düşüb, Azərbaycanın azadlığı uğrunda mübarizə aparmaq da, Qarabağ savaşını görmək də.

Bəs görəsən, Azərbaycan jurnalistikasının səviyyəsi Bakı sakinlərini qane edirmi?

- Qane etmir. Bəzi şəxsi səbəblərə görə.

- Demək olar hə. Bir qədər onlara sərbəstlik versələr, daha yaxşı yazarlar. Eyni zamanda maddi durumları yaxşı olsa, daha həvəslə çalışarlar. Yeni gəncliyə müvəffəqiyyətlər arzu edirəm. Allah işlərini avand eləsin. Həvəsdən düşməsinlər, yazsınlar. Xalqın maariflənməsinə, gənclərin düz yola çəkilməsinə bütün səyləri ilə çalışsınlar. Çünki Azərbaycanın gələcəyi gənclərin əlində olacaq. Mən inanıram ki, gələcəyimiz yaxşı olacaq.

- Bəli, jurnalistika bu gün Azərbaycanda çox gözəl fəaliyyət göstərir. Mən gənc şair olaraq şeirlərimi verirəm mətbuata, məni təmənnasız çap edirlər. Ona görə çox razıyam.

- Xeyr, nə bilim. Bilmirəm.

- Məni qane etməsə də, kimlərisə yəqin ki, qane edir. Təbrik edirəm hər kəsi.

- Orta. İngiltərə kimi deyil. Çox sərbəstlik yoxdur. Burda bir az qapalıdır. Çox istəyərdim ki, kanallarımız BBC kimi işləsin, asılı olmasın.

- İndi bir qədər qane etmir. Mənə elə gəlir ki, azadlıq o qədər də yoxdur. Mən hər halda, mütəxəssis deyiləm, ancaq vətəndaş kimi deyə bilərəm ki, istədiyimiz xəbəri görə bilmirik.

- O qədər də yox, çünki hər şeyi həddindən artıq şişirdirlər. Bir balaca nöqsanı belə şişirdib dağ boyda edirlər.

- Azərbaycan bu gün inkişaf dövründədir. Azərbaycan mətbuatı həmin inkişafın tərkibindədir. Təbii ki, qane edir, amma hələ müəyyən dərəcədə yetkin saymaq olmaz. Çünki görəcəyi işlər hələ çoxdur. Mətbuatın qarşısında böyük işlər durur. Mətbuatın ən birinci vəzifəsi əhalini dünyada baş verən xəbərlərlə düzgün məlumatlandırmaqdır. Mətbuat bu gün həmin öhdəliyin öhdəsindən gəlməyə çalışır. Arzu edirəm ki, dünya mətbuatı səviyyəsinə çatsın.

Bəzi paytaxt sakinləri isə ümumiyyətlə, jurnalistika ilə maraqlanmadıqlarını deyirlər:

- Maraqlanmıram jurnalistika ilə.

- Belə normaldır mənim üçün. Çox da anlayışım yoxdur.

- Jurnalistikadan başım çıxmır.

- Mənim üçün fərqi yoxdur. Mən mətbuatla, belə şeylərlə maraqlanmıram.