41
10:48
22 İyul 2016

"Məzun evi"ndə toy

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məzun evi" Sosial Müəssisəsində mənzillə təmin olunan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərdən İsayev Ümid Aydın oğlunun ailə qurması ilə əlaqədar onun üçün toy mərasimi təşkil edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az -a verilən məlumata görə, ƏƏSMN-nın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Prezident İlham Əliyevin sosial cəhətdən həssas qruplardan olan şəxslərə diqqət və qayğısının valideyn himayəsindən məhrum gəncləri də əhatə etdiyi vurğulanıb. Həmin gənclərin etibarlı sosial müdafiəsi və rifah halının yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs olunub.

Toy mərasimində iştirak edənlər yeni qurulan ailəyə xoş arzularını ifadə edib, sevinclərini bölüşüblər.

Dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının yaşayış sahəsi ilə təmin olunması məqsədilə Abşeron rayonunun Masazır qəsəbəsində inşa edilmiş 120 mənzilli yaşayış binası ötən ilin noyabrında bu təbəqədən olan gənclərin istifadəsinə verilib.

Yaşayış binası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məzun evi" Sosial Müəssisəsi kimi fəaliyyət göstərir. Dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları burada lazımi məişət avadanlıqları ilə təmin olunmuş mənzillərlə təmin ediliblər. Hər bir məzuna bir mənzil verilib. Müəssisənin Nizamnaməsinə görə, gənclər evli olduqları halda öz ailə üzvlərini (əri, arvadı, uşaqları) həmin yaşayış sahəsinə köçürmək hüququna malikdirlər və binada mənzillə təmin olunan gənclərdən bir qismi də buraya öz ailə üzvləri ilə birgə köçürülüb. Hazırda yaşayış binasında yaşayan gənclərdən 37-si ailəlidir və həmin ailələrdə ümumilikdə 38 uşaq var.

Müəssisədə kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar, internet zalları, camaşırxana və s. fəaliyyət göstərir ki, onlarda elə məzunların özləri olmaqla, 35 məzun işlə təmin edilib. Həmçinin müəssisədə 10 ştat vahidi var ki, onlarda da məzunlar özləri işləyirlər. Bəzi məzunlar artıq ali təhsillidirlər və ixtisasları üzrə də işləyirlər. Digər məzunlardan da bir çoxunun ayrı-ayrı müəssisələrdə məşğulluğu təmin olunub.