74
14:12
21 İyul 2016

Böyrək xəstəsi: "Övladım üçün yaşamaq istəyirəm" - HƏYAT HEKAYƏTİ

Rəşad Bilalov 1984-cü ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub. APA TV-nin xəbərinə görə, Rəşad bir ilə yaxındır böyrək çatışmazlığından əziyyət çəkir.

Ona təcili böyrək köçürülməlidir. Ailəsindən donor olmaq istəyənlər olsa da, təəssüf ki, heç kəsin böyrəyi Rəşada uyğun olmayıb. Onun əməliyyatı üçün 30 min manata yaxın pul lazımdır. Bir övlad sahibi olan Ruslanın ailəsinin maddi durumu isə çox ağırdır: "Bir ildir xəstəyəm. Müalicə aldım, xeyri olmadı. Dializə düşmüşəm. Hər iki böyrəyim işləmir. Buna görə də böyrəkdən əməliyyat keçirməliyəm. Dializə gedəndə də pis günə qalıram. Müvəqqəti bir şeydir o, ömürlük deyil. Təzyiqim qalxır, bu dəqiqə 160-170 təzyiqim var. Bizdə qohumlarda nə anamın böyrəyi düşdü, nə qardaşımın, nə də yoldaşımın - yaxın adamlardan heç birinin. 3-cü qan qrupuyam. Ya 1-ci qrup, ya 3-cü qrup böyrək lazımdır. İmkan yoxdur, çox kasıbıq. 15 min əməliyyatdır, 15 min də donordur".

Ruslan deyir ki, böyrəyi heç vaxt ağrımayıb, ona görə də bu xəstəlikdən xəbərsiz olub: "Həkimlər deyir ki, ən aşağısı 5-6 ildir səndə bu xəstəlik var. Böyrək ağrımırdı, ağrı vermirdi, bilməmişəm. Təzyiqim qalxırdı hər gün 220-250-yə, getdim həkimə, müalicə elədilər, xeyri olmadı. Dializə düşdüm. Özüm bir ildən çoxdur işləmirəm. Hesab da açmışıq, imkan olsaydı, kömək edərdilər. Çox müalicə elədim, xeyri olmadı. Artıq 4 aydır dializ olunuram. Nə qədər tez yığılsa, o qədər yaxşıdır. Bu xəstəliyin axırı yoxdur. Özüm cavan oğlanam, istəyirəm yaşayam. Kimin imkanı var, çox xahiş edirəm mənə kömək eləsin. Ehtiyacım var".

Ruslanın anası Zemfira Bilalova isə deyir ki, Ruslan işləmədiyi üçün həyat yoldaşını və övladını ata evinə göndərib. Evdə yeganə işləyən şəxs qardaşıdır ki, onun da ailəsi, iki uşağı var. Aldığı məvacib isə yalnız ailəsinə baxmağa yetir. Ona görə də Ruslanın əməliyyatına, müalicəsinə kömək edə bilmirlər. Bütün xəstəxanalarda olduğunu deyən ananın sözlərinə görə, hər yerdə oğluna eyni diaqnoz qoyulub - böyrək çatışmazlığı: "Onu həkimlərə apardıq. Müayinə elədi, müalicə elədik, xeyri olmadı. İndi imkanlı şəxslərdən xahiş edirəm kömək eləsinlər. Böyrəyinin ikisi də sıradan çıxıb. Həkimlərə diaqnoz qoydular ki, böyrək çatışmazlığı var, böyrəyi mütləq dəyişməlidir. 4 aydır da dializə gedir. Onun müalicəsi yoxdur, ancaq böyrəyi dəyişməlidir. Bir övladı var, evi yoxdur. Mənim oğlumla bir yerdə qalırıq. Oğlumun da iki uşağı var, bir dənə oğlum işləyir. Fəhlə işləyir".

Sağollaşarkən Rəşad Bilalovun dediyi son sözləri sakitcə dinləmək mümkün deyildi: "Daha çox övladım üçün yaşamaq istəyirəm. Axı o, hələ balacadır, onun üçün heç nə edə bilməmişəm..."

Ailənin ümidi yalnız sizədir, xeyirxah insanlar! Rəşad Bilalova yardım etmək istəyənlər göstərilən hesab nömrələrinə pul köçürə bilərlər.