49
15:08
20 İyul 2016

APA-nın əməkdaşı sorğuda ən yaxşı jurnalist seçildi

Bu gün “Mətbuata xidmət edənlər” layihəsinin sorğu nəticələri açıqlanıb. APA -nın xəbərinə görə, müxtəlif qurumların mətbuat katiblərinin iştirak etdiyi sorğuda 5 kateqoriya üzrə (iqtisadiyyat, siyasət, sosial, mədəniyyət və idman jurnalistikası) fəaliyyətini bəyəndikləri jurnalistləri müəyyən ediblər. Ölkənin fərqli media qurumlarında çalışan jurnalistlər isə 2 sahə üzrə (dövlət və biznes strukturu) müsbət fəaliyyətə görə mətbuat katiblərini seçib.

Sorğuda iştirak edən 70 mətbuat katibinin fikrincə iqtisadiyyat jurnalistikası üzrə “Fins.az” saytının rəhbəri Əli Əhmədov, siyasət jurnalistikası üzrə “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy, sosial sahə jurnalistikası üzrə “Modern.az” saytının əməkdaşı Gülşən Raufqızı, idman jurnalistikası üzrə ATV kanalının aparıcısı Sənan Şəfizadə, mədəniyyət jurnalistikası üzrə APA -nın əməkdaşı Ülkər Qasımova seçiliblər.

Media ilə əlaqələrin qurulmasında ən məhsuldar çalışan mətbuat katibləri isə 100 jurnalist arasında keçirilmiş anket sorğusu əsasında müəyyənləşib. Sorğuda iştirak edən jurnalistlər dövlət sektoru üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovaya daha çox səs veriblər. Özəl sektorda isə “Bakcell” şirkətinin Korporativ Kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova qalib olub.

Qeyd edək ki, “Mətbuata xidmət edənlər” layihəsi Azərbaycan Jurnalistlər Şəbəkəsi və “ACT Azərbaycan” araşdırma şirkəti tərəfindən birgə keçirilib.