32
12:39
20 İyul 2016

Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması mövzusunda konfrans keçirilib

Bu gün “Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının (MŞ) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, konfrans 22 iyul – Milli Mətbuat Günü münasibətilə təşkil olunub. H. Hüseynova qeyd edib ki, Azərbaycan mediası maarifçilik missiyasını uğurla həyata keçirir: “Qeyd etməliyəm ki, mediada ailədaxili məsələlərin işıqlandırılmasında şəxslərin konfidensiallığı qorunmalıdır”.

MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Azərbaycan ailə modeli dünyaya örnəkdir: “Azərbaycan mətbuatı üzü “Əkinçi” qəzetindən bəri milli-mənəvi dəyərlərin möhkəmlənməsində, Azərbaycan dilinin saflığının qorunmasında müstəsna rol oynayıb. “Əkinçi” qəzetində də ailə-uşaq məsələlərinə yer verilib”.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, Azərbaycan dövləti özünün ailə, qadın və uşaq məsələləri üzrə prioritetlərini müəyyənləşdirib: “Azərbaycan bu sahədə bir çox beynəlxalq konvensiyaya qoşulub. Azərbaycan ailə modeli sağlam təməl üzərində qurulmuş bir instituta çevrilib. Biz bu gün qadın jurnalistlərin imzası olmadan Azərbaycan mediasını təsəvvür edə bilmirik. Burada təbii ki, əsası ulu öndər Heydər Əliyevin qoyduğu siyasətin çox böyük rolu olub. Azərbaycanda senzura, Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib, medianın fəaliyyətinin tənzimlənməsi ilə bağlı mükəmməl qanunvericilik yaradılıb. Azərbaycan mediasının inkişafına konseptual yanaşma 2008-ci ildə baş verib. Bu konsepsiyada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Azərbaycan dünyada yeganə dövlətdir ki, dövlət öz hesabına jurnalistləri mənzillə təmin edir. Bu proses davamlı olacaq”.

Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib ki, Həsən bəy Zərdabi bütün ailələri müraciət edərək övladlarını təhsil almağa çağırıb: “O, çox gözəl bilirdi ki, millətin inkişafı maarifdən keçir. Azərbaycan ailə modeli dünya ailə modellərindən yaxşı mənada fərqlənir. Azərbaycan ailəsi tarixin çətin sınaqlarından uğurla keçib. Azərbaycan ailəsi inkişaf edir. Biz bu gün ailə dəyərlərimizi tarixin sınağından üzü ağ şəkildə çıxarmalıyıq. Sevindirici haldır ki, ölkəmizdə boşanmaların sayı bir qədər azalıb”.

Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, ASAN Radionun rəhbəri Emin Musəvi Azərbaycan mediasında ailə, qadın və uşaq problemlərinin işıqlandırılması ilə bağlı çıxış ediblər.

Sonda mediada ailə, qadın və uşaq məsələlərinin peşəkar işıqlandırılmasına görə bir neçə media qurumu mükafatlandırılıb. Mükafat alanlar arasında “APA Holding” də var.