43
12:16
20 İyul 2016

"Deputatın qohumu" məhkəmədən vaxt istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Rafiq qızı Əhmədovanın məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə N. Əhmədova özünü təqsirli bilmədiyini deyib.

O, ifadəsində 32,500 dollar borcu olduğunu təsdiqləyib, amma bu pulu Rüfət Əliyevi işə düzəltmək adı ilə almadığını qeyd edib.

Təqsirləndirilən şəxs zərərçəkmişə həmin məbləği ödəmək üçün vaxt istəyib.

Zərərçəkmiş Rüfət Əliyev isə ifadəsində N. Əhmədovanın özünü millət vəkili Vahid Əhmədovun qardaşı qızı kimi təqdim edərək, onu işə düzəltmək adı ilə 32,500 dollar aldığını qeyd edib.

Proses iyulun 27-də davam edəcək.

Qeyd edək ki, deputat V. Əhmədov APA -ya açıqlamasında bu adda qardaşı qızının olmadığını bildirib.

N. Əhmədovanın qardaşı Namiq Əhmədovun da adı bir müddət əvvəl dələduzluqda hallanıb. Həmin vaxt N. Əhmədov da mətbuatda deputat Vahid Əhmədovun qardaşı oğlu kimi təqdim olunub.