35
19:19
19 İyul 2016

AzərTAc-ın əməkdaşı dünyanın ən yaxşı fotoqrafları siyahısında

Azərbaycan fotoqrafı, AzərTAc-ın fotomüxbiri İlqar Cəfərovun adı dünyanın ən yaxşı fotoqrafları siyahısına - Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) “Who's Who in Photography 2015” (“Fotoqrafiyada kim kimdir 2015”) ənənəvi sorğu kitabçasına daxil edilib. Lent.az -ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, sorğu kitabçasında ötən il altı nominasiyada uğur qazanan fotoqrafların adları yer alıb. Azərbaycan fotoqrafı “Fotojurnalistika” nominasiyasında fərqlənib. Bu nominasiya üçün fotoları son bir ildə PSA-nın himayəsi ilə dünyanın müxtəlif ölkələrində sərgilərdə azı 24 dəfə nümayiş etdirilən fotoqraflar seçilib. AzərTAc-ın fotojurnalisti 28 ekspozisiyada iştirak edib.

MDB ölkələrinin fotoqrafları arasında bu janrda bir rusiyalı və bir moldovalı fotojurnalist fərqlənib.

Qeyd edək ki, ötən il İ.Cəfərovun işləri Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) və PSA-nın himayəsi ilə keçirilən sərgilərdə fotoqrafiyanın müxtəlif janrlarında yüz dəfədən çox nümayiş etdirilib və dəfələrlə yüksək beynəlxalq mükafatlara layiq görülüb.