39
17:19
17 İyul 2016

İrəvanda silahlılar polisin binasını ələ keçirib - SON DURUM - YENİLƏNİB

“Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin zəbt etdiyi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasına hərbi texnika yeridilib.

APA-nın “Sputnik Armeniya”-ya istinadən verdiyi məlumata görə, binanın həyətinə iki zirehli maşın daxil olub.

Daha sonra polis yenidən yolu bağlayıb. Polis hər hansı açıqlama verməyib.

14:10

“Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını ələ keçirən zaman 1 polis əməkdaşı öldürülüb, 2 polis əməkdaşı yaralanıb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Silahlı şəxslər polis əməkdaşlarını girov götürüblər. Aparılan əməliyyat zamanı 2 girov azad edilib.

Əməliyyatın detalları barədə hələ ki, geniş məlumat verilmir.

Ermənistan parlamentinin deputatı Nikol Paşinyan isə TASS agentliyinə açıqlamasında deyib ki, hazırda silahlı şəxslər Ermənistan Polisinin rəis müavini, general-mayor Vartan Eqizaryan daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır.

xxxxx

13:01

İrəvanda silahlı qiyam başladıqlarını elan edən silahlı qrupun üzvlərindən Tatul Tamrazyan yaralanıb və xəstəxanaya yerləşdirilib.

APA-nın Ermənistanın “Lragir.am” saytına istinadən verdiyi məlumata görə, hazırda Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasının ətrafındakı evlərin damlarına snayperlər yerləşdirilib.

Hər iki tərəfdən yaralılar var. İrəvan Polisinin rəis müavini Valeriy Osipyan və Ermənistan Polisinin rəis müavini qiyamçılarla danışıqlar aparılması üçün göndərilib. “Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvləri təşkilatın lideri və Təsis parlamentinin koordinatoru Jirayr Sefilyanın azad edilməsini və yalnız onun əmrlərini yerinə yetirəcəklərini bəyan ediblər.

XXXX

11:38

Ermənistan Milli Təhlükəsizlik Xidməti bu gün səhər İrəvanda Ermənistan Polisinin Patrul-mühafizə polkuna hücum olduğu və polkun ərazisində girovlar olduğu barədə məlumat yayıb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hücum edənlər sosial şəbəkələr vasitəsi ilə qiyam qalxdığı barədə məlumat yayırlar.

Ermənistan Milli Təhlükəsizlik Xidməti əhalini bu məlumatlara inanmamağa çağırıb. Məlumatda silahlı şəxslərin silahları dinc yolla təhvil verməsi üçün danışıqlar aparıldığı bildirilib.

xxx

11:18

Bu gün bir qrup silahlı şəxs Ermənistanın paytaxtı İrəvan yaxınlığındakı Erebuni rayonunda polis idarəsini zəbt edib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, silahlı şəxslər Qarabağ müharibəsinin iştirakçısı, “Yeni Ermənistan” İctimai Xilas Fondunun lideri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

J. Sefilyan qanunsuz silah əldə etməkdə və saxlamaqda ittiham olunur. Polis idarəsi ordu birlikləri tərəfindən mühasirəyə alınıb.