35
12:05
16 İyul 2016

Millət vəkili qiyamda Ərdoğanı ittiham edənlərə SƏSLƏNDİ

"Günün ən axmaq tezisi , qiyamın Ərdoğanın özü tərəfindən təşkil olunması barədədir".

Lent.az -ın məlumatına görə, bu sözləri millət vəkili Fazil Mustafa Türkiyədə baş verənlərlə son hadisələrlə münasibət bildirərkən deyib.

Millət vəkili qiyamın yatırılması ilə bağlı sevincini gizlətmir:

"Türkiyəmizə, Türk millətinə, Türk dünyasına xeyirli olsun! Günün ən axmaq tezisi isə, qiyamın Ərdoğanın özü tərəfindən təşkil olunması barədədir. Bu qədər bəsit düşüncə ilə siyasi şərh verməkdən yorulmadılar, utanmadılar. Məclisi Ərdoğan bombalatdı, qaldığı oteli özü bombalatdı, ölkə iqtisadiyyatına özü bilərəkdən zərbə vurdu, öz iqtidarının orduya nəzarət etməyəcək qədər zəif olduğunu özü nümayiş etdirdi...Bu tezisi mənimsəyənlər görünüşcə çevrəmizdə olan ciddi adamlardır, ancaq bir epizod bunların nə qədər bəsit düşüncə sahibi olduqlarını üzə çıxardı. Ərdoğanın da, AKP-nin də siyasətində kifayət qədər yanlış məqamlar var, ancaq kimsə öz iqtidarının nüfuzunu bu cür risk altına qoymaz. Burada ən böyük təşəkkür və tərif dinamik türk millətinə düşür".

Millət vəkili qeyd edir ki, tankların zirehini iman və iradə ilə deşdilər:

"Bir daha aydın oldu ki, millətdən sosial sifariş almayan hər hansı hərəkat uğursuzluğa məhkumdur".