74
16:45
15 İyul 2016

Kremldən məxfi tapşırıq, ABŞ-a qarşı “Buran”, ağsulu Fərəcov - TARİX

1970-ci il ABŞ. Prezident Niksonun göstərişi ilə, Amerika Birləşmiş Ştatları “Speys Şattl” proqramının hazırlığına başlayırdı. “Şattl”ın hazırlanması ABŞ Konqresində milli proqram səviyyəsində qəbul edilmişdi. Yeni yaradılacaq bu kosmik gəmidən 4 ədədinin düzəldilməsi nəzərdə tutulurdu. Proqramın icrasına isə o dövrdə fantastik sayıla biləcək qədər - nə az, nə çox - 5 milyard 150 milyon dollar pul xərclənməsi planlaşdırılırdı.



...“Şattl” proqramı barədə SSRİ-də iki ildən sonra xəbər tuturlar. Baş Kəşfiyyat İdarəsi bütün agentlərini işə salmışdı. SSRİ kosmosu Amerikanın öhdəsinə buraxmaq istəmirdi. 6 illik əziyyətdən sonra agentlər bacardılar: 1978-ci ildə SSRİ-yə “Şattl”ın ilk çertyoj və şəkilləri gəldi. Kreml təcili hərəkətə keçdi. Akademik Keldışın başçılığı ilə dərhal komanda yığıldı. Keldış ən qısa müddətdə “Şattl”ın analoqunu yaratmalıydı. Yeni yaradılacaq çoxistifadəli kosmik gəmi nüvə silahını daşımalı, kosmik fəzanın istənilən nöqtəsindən SSRİ ərazisinə hücum ediləcəyi təqdirdə hərəkətə keçməliydi…

…Onda onun 17 yaşı vardı. Ağsu rayonunu Ərəbuşağı kəndində, mexanizator ailəsində doğulsa da, fizikaya olan sevgisi onu Bakının 1 nömrəli fizika-riyaziyyat təmayüllü məktəbinə gətirmişdi. Təmayülü əla qiymətlərlə bitirmişdi. SSRİ-nin bir nömrəli ali məktəbi, Moskva Dövlət Universitetinə uğurla imtahan vermişdi. Amma həmin vaxt rus dilini zəif bilməsi təhsilini davam etdirməyə mane olmuşdu.

Füzuli Bakıya qayıtmışdı. Amma o, yenidən paytaxta gedəcəkdi. Bu dəfə Heydər Əliyevin göndəriş ilə. 1976-cı ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəxsən Heydər Əliyevin göstərişi ilə Füzuli Fərəcov bir dəstə istedadlı Azərbaycan gənclərinin tərkibində Moskvaya göndərildi və burada uğurla imtahan verərək Moskva Aviasiya İnstitutunun “Təyyarəqayırma” fakültəsinə qəbul olundu. Bu yerdə maraqlı bir məqama toxunaq. Həmin vaxt bu instituta o qədər böyük müsabiqə varmış ki, gənc Füzuli tələbə adını qazanacağına inanmırmış. Amma o, 3 yerdən birini qazana bilir, 65 nəfərin arasından seçilir.


Hələ tələbəykən qırıcı təyyarələrin layihələşdirilməsi və konstruksiyasının yaradılmasına maraq yaranır. Və bu maraq da sonradan onun taleyində böyük rol oynayır. Dünyanın ən böyük dövlətinin ən böyük layihəsinin iştirakçısı olur. Özü də əsas fiqurlardan biri kimi.

Özü danışır:


“Gecə-gündüz çalışırdıq. Mən Moskvada Tuşino Maşınqayırma Zavodunda sahə ustası vəzifəsində işləyirdim. Burada “Şattl”ın analoqu olacaq “Buran” kosmik gəmisinin füzelyajı hazırlanırdı və onun üzərinə istilikdən müdafiə örtükləri də burda yapışdırılırdı. İş olduqca məxfi idi. Təsəvvür edin, ailə üzvlərimizə belə işdə nəyə məşğul olduğumuz barədə bircə kəlmə də danışmaq olmazdı. Evdən işə, işdən evə hər şey məxfiliklə aparılırdı. Nə dost üzü görürdük, nə bir qohum. Azacıq informasiyanın kənara çıxması bizim sonumuz ola bilərdi. Və həm də SSRİ-nin Amerika qarşısında iflası”.

Amma bu iflas baş tutmur, təbii. 25 yaşlı bu azərbaycanlı balasına "Buran"ın hermetik kabinəsinin qaynaq-yığma sexinin rəhbərliyi həvalə olunmuşdu. Kosmik gəminin bu hissəsi idarəetmə sistemi ilə insanın qarşılıqlı əlaqəsinin tam hermetikliyə əməl olunmasını təmin etməliydi. Füzuli “Buran”da öz əli ilə istiliyə davamlı plitələri montaj etmişdi. Bu, ən yüksək səviyyəli keyfiyyət tələb edən iş idi. Mütəxəssislərin dediyinə görə, bu plitələrin hazırlanma texnologiyasının unikallığı onda idi ki, onlar 1000 dərəcə istiliyə tab gətirirdi. Bir qədər irəli qaçaraq onu da qeyd edək ki, məhz belə bir texnologiyanın nəticəsində atmosferin sıx qatlarına girəndə "Buran" tab gətirə bilmişdi.



“Biz amerikalıların işlərini diqqətlə öyrənirdik, amma onlardan az istifadə etdik, hər şeyi demək olar ki, özümüz yaratmalı olduq. 180 növ yeni material hazırladıq. Termomüdafiə plitəsindən tutmuş, plastik materiallara qədər. Qərara almışdıq ki, “Buran”ı dəqiqliklə aerodroma qaytara bilən sistem yaradaq”.

Mühəndisin dediyinə görə, həmin vaxt beynəlxalq vəziyyət ürəkaçan olmayıb. Söhbət təkcə soyuq müharibədən də getmir. Söhbət ondan gedir ki, dünyanın iki güc mərkəzi, ABŞ-la SSRİ təkcə Yer kürəsində yox, kosmosda belə nüfuz savaşına qalxmışdılar. Dünya ulduz müharibələri ərəfəsindəydi.


““Amerikanın “ulduz müharibələri” dediyi vaxtlar idi. 1986-cı ildə “Şattl” uçuş zamanı Moskvanın da üstündən ötüb keçmişdi. Nəzəri olaraq, orbitin 80 km-lik ən aşağı hissəsində o nə istəsə ata bilərdi və bu yüksəklikdə biz ona heç nə edə bilməzdik, Sovet qırıcıları 25, raketlərimiz isə 30-35 km yüksəkliyə uça bilirdilər. Ona görə də SSRİ-nin cavab addımı “Buran” oldu. Həmin ərəfədə amerikalılar Hind okeanında Dieqo-Qarsiya adasını ələ keçirdilər, orada kosmik fəzanı izləyən baza yaratdılar”.


Məsələ SSRİ üçün çox əhəmiyyətli idi. Kremlin ən üst qatlarında ciddi narahatlıq yaranmışdı. Düzdür, kəşfiyyat məlumatları vardı, “Şattl”ın çertyojları belə əldə edilmişdi. Amma bütün bunlar az idi. Üstəlik, vaxt da gözləmirdi. Moskva Mexanika Problemləri Tədqiqat İnstitutu Amerika sisteminin imkanlarını araşdırırdı. O dövrdəki sovet lideri Brejnevə xüsusi hesabat da göndərilmişdi. Belə bir vəziyyətdə Brejnev göstəriş verir ki, bütün resursları toplayıb, təcili “Şattl”ın analoqunu yaratmaq lazımdır.


Brejnevə “Buran”ı görmək nəsib olmur. “Buran” bir də 1988-ci ildə hazır oldu. Amma Amerikada hələ də SSRİ-nin belə bir layihəni ildırım sürətiylə həyat keçirəcəyinə inanmırdılar.

İlk və sonradan məlum olacaq ki, həm də son uçuş 1988-ci ilin 15 noyabrında baş tutdu. “Baykonur” kosmodromundan buraxılan “Buran” kosmosda 205 dəqiqə oldu. Yer ətrafında iki dövrə vurdu. Və yenidən “Baykonur”a endi.


Füzuli Fərəcov danışır: “Təsəvvür edin, uçuş ekipajsız, bort kompüterin və bort proqram təminatının köməyi ilə avtomatik rejimdə keçdi. “Şattl”dan fərqli, “Buran”ın qalxması və enməsi avtomatik rejimdə olduğundan o, Ginnesin Rekordlar Kitabına düşdü. Bilirsiniz, bəlkə də sizə qəribə gələcək. Amma “Buran”ın uçuşu bəşəriyyətin rahat nəfəs almasına gətirib çıxardı. Kosmosda silahlı yarışma dayandırıldı. “Buran indi adicə bir metal əşya kimi, muzey eksponatı kimi qalıb. Amma o “Baykonur”a enəndə biz uşaq kimi ağlayırdıq”.

Hə, yaddan çıxmamış, Fərəcov hazırda elə “Buran”ın əmələ gəldiyi zavodların birinə, "TexnoSvar - TMZ" maşınqayırma zavoduna rəhbərlik edir. İctimai işlə də məşğul olur. Məmməd Əmin Rəsulzadə Məclisinin sədridir. Ən əsası, indi bütün bunları rahatlıqla danışa bilir. Çox güman ki, heç də hamısını yox...

Səbuhi MƏMMƏDLİ, Moskva