42
22:40
14 İyul 2016

Fransa səfiri Azərbaycan xalqına minnətdarlığını bildirib

Bakıda Fransanın milli bayramı münasibətilə qəbul təşkil edilib.

APA-nın xəbərinə görə, qəbul hər iki ölkə himnlərinin səsləndirilməsi ilə başlayıb.

Qəbulda çıxış edən Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez bildirib ki, Fransa və Azərbaycan arasında həm ikitərəfli, həm də Minsk qrupu çərçivəsində əməkdaşlıq mövcuddur. İkitərəfli təmasların intensiv xarakter daşıdığını deyən səfir Fransanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib.

"Bizim iqtisadi sahədə əməkdaşlığımız çiçəklənmə mərhələsindədir və Azərbaycanın prioritetlərini əks etdirir. Azərbaycan iqtisadiyyatının diversifikasiyasında fransız şirkətləri aparıcı rol oynayır", - deyə səfir söyləyib.

A. Buşezin sözlərinə görə, Fransa və Azərbaycan arasında mədəni əlaqələr yüksək səviyyədədir:

"Fransa Azərbaycanın mədəni, dini tolerantlığa və dünyəviliyinə bağlılığını yüksək qiymətləndirir. Parisdə baş vermiş terrorla bağlı Azərbaycan xalqının göstərdiyi dəstəyə görə minnətdarlığını bildirirəm".

Bu ilin sentyabrında Fransa-Azərbaycan Universitetinin fəaliyyətə başlayacağını deyən A.Buşez Azərbaycanda 500 fransız dili müəlliminin olmasından məmnunluğunu ifadə edib.

Daha sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, Azərbaycan Fransa ilə müxtəlif sahələrə əməkdaşlığa əhəmiyyət verir.

O qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayıb: "Neft sahəsi ilə yanaşı, infrastruktur, su, yol nəqliyyatı, ekoloji layihələr, dəmiryolu və bir çox digər istiqamətlərdə Fransa bizim ciddi tərəfdaşımızdır".

Azərbaycanın 13 şəhəri ilə Fransanın 11 şəhəri və 1 vilayəti arasında qardaşlaşma sənədlərinin imzalandığını deyən nazir müavini bildirib ki, Azərbaycan və Fransa arasında bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün Regionlararası Şuranın yaradılması barədə razılıq əldə edilib.

S.Babayev həmçinin, ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Fransanın səylərini yüksək qiymətləndirdiyini deyib: "Ümidvarıq ki, bu səylər öz ədalətli nəticəsini verəcək. Əminəm ki, Fransa- Azərbaycan əlaqələri bugünkü dinamika ilə daha da inkişaf edəcək, iqtisadi, siyasi, mədəni, humanitar və digər sahələrdə bizim tərəfdaşlığımız daha da möhkəmlənəcək”.