64
16:06
14 İyul 2016

Xaçmazda çaqqal vahiməsi - REPORTAJ

Meşələrdə yaşayan yırtıcılar son zamanlar kəndlərə ayaq açıb. Xaçmazda meşəətrafı yaşayış məntəqələrinə soxulan çaqqallar sakinlərin təsərrüfatlarına ciddi ziyan vurur.

Sakinlər APA TV-nin yerli bürosuna bildirib ki, yırtıcılar meşədə yem tapa bilmədiyindən, insanların yaşadıqları ərazilərə gəlirlər. Təsərrüfatlar daha çox çaqqalların hücumuna məruz qalır.

İyun ayının 28-də Xaçmaz rayonunda 77 yaşlı qadın çaqqal sürüsünün hücumuna məruz qalıb. Rayonun Niyazabad kənd sakini, 77 yaşlı Qızbəs İmaməliyeva həyətyanı sahəsində işləyərkən çaqqallar ona müxtəlif xəsarətlər yetirib. Kənd sakinləri deyir ki, yırtıcılar onların həyətyanı sahəsində ev quşlarını məhv edir: "Çaqqallar bütün kənd camaatını bezdirib. Axşam oldu, uşaq qorxur həyətə düşməyə, axşam oldu həyətlərdədirlər. Toyuq-cücəni daşıyıb aparırlar. Əhali qadağa qoyulduğu üçün vura da bilmir. Buna bir çarə görülməlidir ki, əhali öz təsərrüfatını qoruya bilsin".

Çaqqalların xüsusi icazə olmadan ovlanması qadağandır. Ovçular isə çaqqalları vurmağa həvəsli görünmür. Çünki əvvəlki illərdən fərqli indi bu yırtıcıların dərisini qəbul edən sexlər fəaliyyət göstərmir. Qəbul məntəqələrində yalnız iribuynuzlu heyvanların dəriləri kiloqramına görə təxminən 1 manat ödənməklə təhvil alınır. Buna görə də ovçular tüfənglərini çaqqallara yox, havaya tuşlayır.

Ovçu Zaur Seyidov: "Onu deyə bilərəm ki, axşamlar yırtıcıların hücumu olur, çaqqalların səsi camaatı narahat edir. Təsərrüfatlara ziyan vurur. Şəxsən mənim ov tüfəngim var. Keçən il yırtıcılar mənim toyuqlarımı yeyib. Mən Ovçular İttifaqından xahiş edirəm ki, bir tədbir görülsün, biz də kömək edək. Havaya atəş açırıq".

Çaqqalların sayının çoxalmaması üçün ilboyu ovlanmasına icazə verilir. Bunun üçün 3 manat 96 qəpik ödəyib birdəfəlik ov bileti almaq lazımdır. Həmin bilet isə cəmi iki gün etibarlıdır.

İcazəsiz çaqqal ovlayan şəxsləri 2000 manata qədər cərimə gözləyir. Pul ödəyərək icazə alıb çaqqal ovlamaqda isə heç kim maraqlı deyil. Odur ki, sakinlər təsərrüfatlarını yırtıcılardan qorumaq üçün aidiyyəti qurumlardan kömək gözləyir.