44
15:14
05 İyul 2016

Bakıda rəfiqələri ilə çimərliyə gedən 18 yaşlı qızın FACİƏVİ SONU - TƏFƏRRÜAT

Dünən Mərdəkan çimərliyində boğulmaq təhlükəsi ilə üzləşən 3 nəfərdən ikisinin xilas edilməsi barədə xəbər vermişdik. Lent.az -ın məlumatına görə, həmin hadisə vaxtı 18 yaşlı Camalzadə Nərmin Niyaməddin qızı boğularaq vəfat etmişdi və cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdi.

Bildirilir ki, N.Camalzadənin meyiti artıq ailəsinə təhvil verilib və dəfn edilib.

Hadisənin baş vermə səbəbinə gəlincə, dünən günorta saatlarında N.Camalzadə digər iki rəfiqəsi ilə çimərliyə gedib. Hava şəraitinin küləkli və dənizin nisbətən dalğalı olmasına baxmayaraq, qızlar suya giriblər. Təxminən 1 metr dərinlikli suda olarkən sahilə çırpılaraq geri qayıdan dalğalar qızları sahildən uzaqlaşdırmağa başlayıb və onlar qışqıraraq kömək istəyiblər. Dərhal yaxınlıqdakı şəxslər və xilasedicilər köməyə yetişməyə çalışsalar da, üzməyi bacarmayan qızlardan 18 yaşlı Nərmin dəniz sularında boğulub.

Faktla bağlı araşdırma aparılır.

*****

4 iyul

Bakıda 18 yaşlı qız dənizdə boğularaq ölüb.

Lent.az -ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 200 metr aralı) 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşlardan 2-sinin xilas olunmalarını təmin ediblər. Digər 1998-ci il təvəllüdlü Camalzadə Nərmin Niyaməddin qızının cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Dövlət Sularda Xilasetmə Xidmətinə həmçinin Abşeron rayonunda (məntəqə ərazisində) 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə də məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri vətəndaşı sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər.