37
12:03
04 İyul 2016

Ekstremist dəstənin üzvü: "Mən allahın əsgəriyəm" - MƏHKƏMƏDƏN

Bu gün Bakı Ağır Məhkəməsində 17 nəfərlik dəstə üzvlərinin - Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Coşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxalıyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov, Fəxri Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az -ın məlumatına görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslərin valideynləri övladlarını “düz yola qayıtmağa” səsləyib: "Allah sizə ağıl versin. Sizin beyninizi yuyublar. Bu ağılınız ucbatından ömrünüzü zindanda keçirəcəksiniz".

Təqsirləndiriləndən Əhməd Kərimov qohumlarına bildirib ki, heç kimin ona yazığı gəlməsin: "Mən yaxşıyam. Allahın əsgəriyəm. Mən düz yoldayam. Mənə yazığı gələnlərə deyin, mənim onlara yazığım gəlir ki, cahildirlər. Mənim yolum - haqq yoludur. Yaxın günlərdə Suriyada, İraqda olan vəziyyət bura da gələcək. Biz çıxacağıq. O zaman hər yer istədiyimiz kimi olacaq. Bura müsəlman paytaxtı olacaq".

Prosesdə vəkillər müdafiə çıxışı ediblər. Onların bir çoxu müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmə prosesi iyulun 11-davam edəcək.

Xatırladaq ki, ötən proses prokuror çıxışında Nürəddin Xəlilovun ömürlük, Rəşad Həşimli, Müşfiq Mikayılov, Əhməd Kərimov, Coşqun Kərimbəyli və Bahadur Məmmədovun 20 il, Fəxri Şirinzadə, Rufiz Bəyimov və Zaur Əliyevin 18 il, Pərviz Şıxaliyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Samir Məmmədov və Niyaməddin Xəlilovun 16 il, Anar Rzayev, İlqar Musayev və Ceyhun Abdullayevin isə 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, DİN-in yaydığı məlumata görə, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahids Vahabovun yaşadığı evdə meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl- zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər.

Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedib, təxminən saat 04:00 radələrində üzlərinə maska taxaraq Vahid Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, “Vincester” markalı tüfəng, “Revolver” tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapaçaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanan dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulan digər əşyalar götürülüb.

Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin ötən il martın 18-də və iyulun 18-də Bakı şəhər sakinləri – Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, bu il yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə, 1 ov tüfəngi oğurlamaları müəyyən edilib. Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etdikləri də məlum olub.