35
15:36
02 İyul 2016

Polislə aranız necədir? - SORĞU

Bu gün Azərbaycan polisinin yaradılmasından 98 il ötür.

APA TV-nin xəbərinə görə, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyətinin polis orqanları yaradılıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il mayın 24-də imzaladığı fərmanla 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Bu gün Azərbaycan kriminogen durumuna görə dünyanın ən sabit ölkələri sırasında qərarlaşıb. Məhz bu səbəbdən ölkəmiz müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.

Bəs görəsən, Bakı sakinlərinin polislə münasibətləri necədir? APA TV bu sualla paytaxt sakinləri arasında sorğu keçirib.

- Yaxşı. Canları sağ olsun. Həmişə qayğımıza qalırlar, keşiyimizdə dururlar. Məsələn, yolu keçəndə çox göstərişləri olub. Bilmədiyimiz yolları keçəndə.

- Aramız orta-babat. Nə yaxşı, nə pis. Müəyyən səbəblərə görə, məsələn, pis hərəkətləri, zəif iş görməkləri, o biri tərəfdən müəyyən köməkləri olur. Mənə nə kimi köməkləri olub, tam yadımda deyil, ancaq polisin olmağı insanları intizama gətirir.

- Yaxşıdır, hər zaman olduğu kimi. Azərbaycan polisi xalqına qarşı hər zaman yaxşıdır. Görürlər ki, Türkiyə vətəndaşıyam, kömək etməyə çalışırlar.

- Əladır. Polis olmasa, yəqin ki, bizim aqibətimiz yaxşı olmazdı. Asayişin keşiyində durur, təhlükəsizliyimizi qoruyurlar. Sağ olsunlar ki, gecəli-gündüzlü bizim qayğımızı çəkirlər.

- Bərbad. Xoşum gəlmir. Bir az insaflı olsunlar, dürüst olsunlar camaata qarşı, yəni ancaq öz mənafelərini güdməsinlər. Başdan-ayağa diqqət yetirsinlər hər şeyə.

- Hələ ki işim düşməyib onlara.

- Yaxşıdır, pis deyil. İndiyə qədər pisliklərini görməmişəm. Telefonum itib, tapıb veriblər, hər cür şərait yaradıblar mənə.

- Polislə aram əladır.

Taksi sürücülərinin də polisə münasibəti maarqlıdır:

- Mənim yol polisi ilə aram çox yaxşıdır. Qayda pozuntuları eləmirəm deyə, demək olar ki, məni saxlamırlar. Ondan əlavə, burada polislər dayanır, yaxşı ki, onlar var, yoxsa piyada keçidi olan yerdə az qalır ki, piyadalar maşınların üstünə çıxsınlar. Polislər ən azından tənzimləyir.

- Onlar işləyirlər. Onlar olmasa, şəhərdə maşın sürmək mümkün deyil, hamı qaydanı pozar. Onlar indiki zəmanədə çox yaxşı işləyirlər.

- Yol polisi ilə aramız əladır. Çünki onlar yaxşıdırlar, işlərində möhkəmdirlər.

- Təbrik edirəm onları. Belə yaxşıdırlar. Polislər olmasa, hörmətsizlik olar. Sağ olsunlar ki, bizi mühafizə edirlər, bizi qoruyurlar. Köməkləri dəyir, oğurluqdur, terrordur. Özbaşınalıq da yoxdur.

Bəs peşə bayramı günündə Azərbaycan polisinə nə arzulayırsınız?

- Bu gün yəqin ki, onların bayramlarıdır. Təbrik edirəm onları. Bir az öz xalqına qarşı diqqətli olsunlar, onu istəyirəm.

- Azərbaycana polisinə mədəniyyətinin yüksəlməsini arzulayıram.

- Daha yaxşı olmalarını arzulayıram. Kim istəməz ki, yaxşı olsun.

- Can sağlığı, uzun ömür, cinayətsiz gecələr arzulayıram.

- Daha da inkişaf etsinlər. Daha da yaxşı olsunlar.

Biz də polisləri təbrik edir, peşə fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.