32
00:48
01 İyul 2016

“Əmək və cinsi alverlə bağlı sərt hökmlər çıxarılıb" - Dövlət Departamenti

“Azərbaycanlı kişi və oğlanlar Türkiyə, Rusiya, BƏƏ və Azərbaycanda məcburi əməyə cəlb olunurlar”. APA -nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin İnsan alverinə qarşı mübarizə ilə bağlı illik hesabatında deyilir. Hesabatda qeyd olunur ki, Azərbaycandan olan qadın və uşaqlar ölkə daxilində, Türkiyə, Rusiya və BƏƏ-də cinsi istismara məruz qalırlar: “ Azərbaycan Türkiyə, Özbəkistan, Türkmənistan və Ukraynadan və əvvəlki illərdə Çin və Rusiyadan olan qurbanlar üçün əmək və cinsi istismarla bağlı çatdırılma ölkəsidir”.

Qeyd olunur ki, Azərbaycan hökuməti insan alverinin qarşısını almaqla bağlı nəzərəçarpacaq səylər göstərir: "Hesabat dövründə hökumət insan alveri ilə bağlı təhqiqatları artırıb, güclü məhkəmə proseduruna dəstək verib, əmək və cinsi alverlə bağlı sərt hökmlər çıxarıb".

Dövlət Departamenti həmçinin Azərbaycan üçün tövsiyələrini də açıqlayıb: "Azərbaycan potensial insan alveri ilə bağlı hadisələri, xüsusilə potensial məcburi əmək hallarını, insan alveri cinayətlərini daha aktiv araşdırmalı, cinayət məsuliyyətinə cəlb etməli, insan alverçilərini cəzalandırmalı və həbs etməli, milli mexanizmi həyata keçirməklə bağlı standart işlək prosedurları yaratmalı və bu prosesdə QHT və digər maraqlı tərəflərin rolunu formalaşdırmalıdır”.

Hesabatda qeyd olunub ki, hökumət qurbanlara yardım etməklə bağlı ciddi səylər göstərib, lakin QHT-lərin maliyyələşməsi artıq 3-cü ildir ki məhdudlaşdırılır.

Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə departamentinin Bakıda sığınacaqları fəaliyyət göstərməyə davam edir: “Lakin sığınacaqlar ciddi qorunur və qurbanlar, o cümlədən böyük insanların hərəkət etmək hüququ yoxdur. 2015-ci ildə hökumət 63 insan alveri qurbanını olduğunu təsdiqləyib ki onlardan da 56-sı qadın, 6-sı kişi və 1-i uşaqdır. Əvvəlki ildə isə bu rəqəm 54 olub. 56 qadından 53-ü cinsi istismar , 3-ü isə əmək istismarı qurbanı olub. 6 kişi əmək istismarı, bir uşaq isə cinsi istismara məruz qalıb. Hökumət 63 qurbana iş dəstəyi göstərməklə birdəfəlik 400 manat yardım ayırıb".