95
13:15
30 İyun 2016

Bakı neftinə görə Kremllə kəllə-kəlləyə: Avropaya qaz çəkən azərbaycanlı nazirin HƏYAT HEKAYƏTİ - III YAZI

Bu kənd həmişə maraqlı gəlib mənə. Təkcə lacivərdi sahili, ağ, qara şanısı ilə yox. 20-ci əsrdə bu kənddən bütün Azərbaycanın və keçmiş SSRİ-nin çox yaxı tanıdığı 4 böyük şəxsiyyət çıxıb. Tamamilə bir-birindən fərqli dünyagörüşünə malik, tamamilə başqa-başqa yolun, peşənin adamları. Məmmədəmin Rəsulzadə, Mehdi Hüseynzadə, Lotu Bəxtiyar, Sabit Orucov. Sonuncunun adı bəlkə də populyarlığına görə o birilərindən geri qalır. Amma bu kənddə, Novxanıda anadan olmuş Sabit Atababaoğlunu zamanında bütün dünyada tanıyırdılar. ABŞ-da, Kanadada, Yaponiyada, İngiltərədə, Çində, İranda da, hər yerdə. Harada neft-qaz çıxırdı, orada.


(Əvvəli burada http://news.lent.az/news/246368

http://news.lent.az/news/246813)

III YAZI

Kosıqin Orucovun məktubu barədə dərhal Brejnevə məlumat verir:

- Leonid İliç, indicə Sabit Atayeviçin məktubunu almışam. “Urenqoyqazdobıça”dan bir milyard kubmetr qaz tədarük olundu!

- Aleksey Nikolayeviç, sizcə, Orucova Sosialist Əməyi Qəhrəmanı adının verilməsinin vaxtı çatmayıbmı? – deyə, Brejnev dillənir.

- Məncə də çatıb.

Amma qəhrəman adı Orucova həmin an verilmir. Bir ildən sonra, 1980-ci ilin sonunda Kremlə məlum olur ki, təkcə Tümen vilayətində 312 milyon ton neft və qaz-kondensat hasil edilib. Orucovun bu məruzəsindən sonra “Neft və qaz sənayesinin inkişafında Sovet hökuməti qarşısındakı xidmətlərinə görə” Sabit Orucova Lenin ordeni və Qızıl Ulduz medalı ilə birlikdə Sosialist Əməyi Qəhrəmanı adı verilir.

Elə həmin il, Sabit Orucov Kreml qarşısında başqa ideya ilə çıxış edir. Kremldə bu ideyanın müzakirəsi uzun çəkmir. Bir neçə günlük müzakirələrdən sonra, kontinental şelf problemlərinin qlobal, ümumdövlət əhəmiyyətini, Sabit Orucovun müraciətlərini nəzərə alan SSRİ Nazirlər Soveti Qaz sənayesi nazirliyinin mərkəzi aparatında Dəniz neft-qaz yataqlarının kəşfiyyatı və mənimsənilməsi üzrə “Başdənizneftqaz” deyilən Baş İdarənin yaradılması haqqında qərar çıxarılır. SSRİ-nin kontinental şelfində neft-qaz axtarışları, kəşfiyyatı, istehsalı və nəql edilməsi məsələləri Qaz sənayesi nazirliyinə həvalə olunur. Doqquz iri sənaye, elmi-tədqiqat və layihə təşkilatı yaradılır, onların tərkibinə 250-dən çox müəssisə qatılır. Bundan sonra Baltik, Uzaq Şərq, Barens, Arktika, Oxot və Kara dənizlərində bir sıra unikal qaz-kondensat və neft yataqları kəşf edilir. Və Orucov ikinci dəfə “Lenin” ordeni ilə təltif edildi.

***

Sabit Orucov vəfatından bir il öncə, 1980-ci ildə öz arzusunun həyata keçməsini – Yeni Urenqoya şəhər statusu verilməsini görməyə macal tapdı. 1983-cü ildə “Urenqoy-Pomarı-Ujqorod” qaz kəmərinin istismara verilməsi gününü görməsi üçünsə onun ömrü cəmi iki il vəfa etmədi. Bundan bir il sonra isə Urenqoy qazının Qərbi Avropaya nəql olunmasına başlandı...

Sabit Orucovun xatirəsi bu yerlərdə indi də əziz tutulur. Bir neçə il əvvəl Yeni Urenqoydan 200 kilometr aralıda yeni bir nəhəng yataq – “Zapolyarnıy” yatağı istismara veriləndə, onun ən böyük sahələrindən birini əfsanəvi neftçinin şərəfinə “Orudjevski” adlandırdılar. Xalq arasında o yerlər əvvəldən də “Orucov torpağı” adlandırılırdı.


Yeni Urenqoydan söz düşmüşkən, sən demə, şəhərin ilk küçəsinin adını da məhz Sabit Orucov qoyub. Neftçi Oleq Mixaylov: “Şəhərin ilk küçəsi hazır olanda Sabit Atayeviç ora gəldi. Vertolyotdan düşüb bizə yaxınlaşdı. Gülərək dedi ki, görürəm, əhvalınız yaxşıdır. Bu ay da əlavə mükafat olacaq. Kimsə qayıtdı ki, Sabit Atayeviç, ilk küçə hazırdı, adını nə qoyaq? Bir an duruxdu. Qayıdıb dedi ki, gəlin ənənəvi, şablon ad qoymayaq. Məsələn, qoy küçənin Adı Optimistlər küçəsi olsun. Hamı razılaşdı”.

Neftçilər doğrudan da onu çox sevirdilər. Elə həmin ehtiramın və qədir-qiymətin nəticəsidir ki, vəfatından sonra məhz sıravi neft-qaz işçilərinin təşəbbüs və tələbi ilə Urenqoy Qazçıxarma İstehsalat Birliyinə Sabit Orucovun adı verilmişdi. Nadım çayının qırağında salınmış eyni adlı şəhərin sahil xiyabanı da məhz neftçilərin tələbiylə “Naberejnaya imeni Orudjeva” adlandırıldı.


***

Moskvada işləməsinə baxmayaraq, daim Azərbaycanın təəssübünü çəkib. Məsələn, çox az adama məlumdur ki, Orucov Mərkəzi Komitəylə Bakı neftinə görə həmişə kəllə-kəlləyə gəlib. Söhbət ondan gedirdi ki, Qərbi Sibirdə neft yataqlarının istismara verilməsindən sonra Moskva Bakıda neft istehsalının dayandırmaq niyyətində idi. Buruqların bağlanması barədə qərara çıxarılacağını eşidən Orucov buna qəti etiraz edir. Həmin dövrdə Brejnevin yaxın ətrafında təmsil olunan Suslov və Baybakov belə bu qərarın qəbul edilməsini istəyirdilər. Amma Orucovun təkidindən sonra geri çəkilmişdilər. Qazaxıstandakı Manqışlaq neft yataqlarının mənimsənilməsində qarşıya çıxan problemlərin həllində də necə deyərlər, qazax xalqının yanında olmuşdu.

***


İllər boyu davam edən gərgin iş onun səhhətində ciddi fəsadlar yaratmışdı. Həm həyat yoldaşı, həm də qızı Səbinə dəfələrlə ona artıq istirahətə getməyi, təqaüdə çıxması barədə israrla xahiş edirdilər. Amma Orucov yaxınlarının belə xahişinə məhəl qoymurdu. O, sovet hökumətinin nazirləri arasında yeganə şəxs idi ki, elmi işinə də ara vermirdi. Yüzlərlə elmi məqalə, 40-dan çox monoqrafiya, “Yüksəkdərinlikli iribloklu dəniz neft buruqları özülləri”, “İranın neft sənayesi”, “Qaz sənayesi inkişaf yolunda” kimi kitabların müəllifi idi. Bundan başqa dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetlərinin deputatı seçilmişdi. Və bir tərəfdən də arası kəsilməyən ezamiyyətlər. 69 yaşının tamamına 40 gün qalmış vəfat etdi Sabit Orucov. 1981-ci il aprelin 20-də. Qohumları onun cənazəsinin Bakıya gətirilib Novxanıda basdırılmasının tərəfdarıydılar. Amma Kremldə tamam başqa qərara verildi. Sabit Orucov, SSRİ-nin necə deyərlər bir nömrəli, dövlət rəsmilərinin dəfn edildiyi Moskvanın Novodeviçye qəbiristanlığında torpağa tapşırıldı.



***

O, təmənnasız adam idi, tamahkar və acgöz insanları sevmirdi. Deyilənə görə, hətta övladları özləri üçün bağ evini belə onun vəfatından 10 il sonra tikib başa gətiriblər. Hər şeydən çox şərəf və dürüstlüyü qiymətləndirirdi. Və demək olar ki, bir sözü tez-tez peyğəmbərcəsinə təkrar edirdi: “Mən heç bir pis hərəkət etməmişəm və mənim ölümümdən sonra heç kim barəmdə pis danışmayacaq”.

Övladlarından söz düşmüşkən, onun nəvəsi Samit Yakovlev tanınmış iş adamıdır. “İnventyum Asset Menecment” şirkətinə rəhbərlik edir. Şirkət bu gün dünya biznesində ən real analitik təhlillər verən qurum hesab olunur. Bu qurumun proqnozları ilə dünyanın əksər iri transmilli korporasiyaları hesablaşırlar…

Bu gün Azərbaycanda və Rusiyada küçələrə, gəmilərə Sabit Orucovun adı verilib. “Qazprom”un ən iri bölmələrindən biri olan “Urenqoyqazprom” da Orucovun adınadır. Rusiyanın aparıcı neft-qaz ali təhsil müəssisəsi olan Qubkin adına Moskva Neft-Qaz Universitetində əlaçı tələbələrə “Orucov təqaüdü” verilir. Vətənində də Sabit Orucovun Azərbaycan neft-qaz təsərrüfatının inkişafına verdiyi böyük töhfələr unudulmur, xatirəsi ehtiramla yad edilir. Və bu o deməkdir ki, Orucov yaşayır…

SON