47
10:44
29 İyun 2016

Sankt-Peterburqda azərbaycanlı biznesmenin qətlinin sifarişçisi tutuldu

Sankt-Peterburqda azərbaycanlı biznesmen Maarif İsmayılovun qətlinin sifarişçisi saxlanılıb.

APA-nın “life.ru”ya istinadən verdiyi məlumata görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Əfqan A. Sankt-Peteburqdakı meyvə-tərəvəz bazasında ticarətlə məşğul olan 43 yaşlı M. İsmayılovun qətlini sifariş verməkdə şübhəli bilinir. Onun qətli icra edən 27 yaşlı Emil Hüseynova silah verdiyi də ehtimal olunur.

Əfqan A. barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

Qeyd edək ki, bu il iyunun 20-də Sankt-Peterburqda meyvə-tərəvəz bazasında qətl hadisəsi baş verib. Şahidlərin bildirdiyinə görə, qatil M. İsmayılova yaxınlaşaraq silahındakı bütün güllələri onun bədəninə boşaldıb, sonda isə başına atəş açıb.

Hadisə yerindən qaçmağa çalışan qatil bazanın 500 metrliyində tutulub. E. Hüseynov M. İsmayılovu sifarişlə öldürdüyünü, ona 10 milyon rubl (238 min manat) vəd olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Maarif İsmayılov anadan olduğu Lənkəran rayonunun Boladi kəndinə gətirilərək dəfn edilib.