37
18:53
27 İyun 2016

Ərdoğanın Putinə məktubunun mətni açıqlandı: "Üzürlü hesab etsinlər" - YENİLƏNİB

Rəsmi Ankara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə göndərdiyi məktuba dair açıqlama verdi.

Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, prezidentin mətbuat katibi İbrahim Kalın Putinə bir məktub göndərildiyini təsdiq edib. O, bildirib ki, Ərdoğan məktubunda Rusiyaya məxsus "Su-24" təyyarəsinin vurulmasından dərin kədər hissi keçirdiyini bildirib.

İbrahim Kalın qeyd edir ki, Türkiyə prezidenti məktubunda aşağıdakı ifadələrdən istifadə edib: "Həyatını itirən rus pilotun ailəsinə bir daha kədərlərinə şərik olduğumu, başsağlığı vermək istədiyimi və üzürlü hesab etsinlər".

Açıqlamaya əsasən bu yalnız bir başsağlığı məktubu olub.

17:22

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub göndərib.

Lent.az -ın Türkiyə mətbuatına istinadən məlumatına görə, prezident adminstrasiyasından Ərdoğanın Putinə məktub göndərdiyini təsdiqləsələr də, bununla bağlı hər hansı bir açıqlama verilməyib.

"Reuters" agentliyinin xəbərinə görə, Ərdoğan bu məktubunda rus qırıcısının vurulması ilə bağlı Putindən üzr istəyib. Agentlik belə iddia edir.

Başqa mənbələrdə isə bildirilir ki, rəsmi Kremlin mətbuat katibi Dmitri Peksov da bu məsələni təqdiqləyir. Onun sözlərinə görə, Ərdoğan məktubunda "üzr istəyirəm" ifadəsindən istifadə edib.

Qeyd edək ki, Türkiyə keçən il Rusiyaya məxsus qırıcını vurub. Bundan sonra iki ölkə arasında münasibətlər gərginləşmişdi.