33
00:29
25 İyun 2016

Zaqatalada xəstəxanada 5 aylıq körpə öldü

Zaqatala rayon mərkəzi xəstəxanasında 5 aylıq uşaq dünyasını dəyişib.

Ölən körpənin atası, Zaqatala rayonu, Muxax kənd sakini Seyfulla Laçınovun APA -nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, 2016-cı ilin, 15 yanvar tarixində doğulmuş körpəsi Səlimin qarın boşluğunda olan ağrılarla əlaqədar 22 iyun, saat 17 radələrində onu Zaqatala rayon mərkəzi xəstəxanasında gətirib.

Müayinə olunan zaman həkimlər körpədə bağırsaq keçməzliyi olduğunu bildiriblər. S.Laçınovun sözlərinə görə, həkim-cərrah Aslan Məmmədovla söhbəti zamanı uşağı Bakıya aparmaq istədiyini bildirib. Lakin həkim buna ehtiyacın olmadığını deyib.

İyunun 23-də uşağın vəziyyətinin pisləşdiyini görən həkim əməliyyat qərarı verib. Əməliyyatdan sonra körpənin vəziyyəti pisləşib və o, saat 21:30 radələrində keçinib. Uşağın valideynləri hadisədə həkimi təqsirli hesab edir. Həkim Aslan Məmmədov, öz növbəsində, bildirib ki, valideynlər uşağın vəziyyəti barədə əvvəlcədən məlumatlandırılıb, Seyfulla Laçınovdan isə əməliyyatın keçirilməsi üçün müvafiq razılıq alınıb.