43
22:49
19 İyun 2016

“Formula-1 Şəhərciyi”ndə əyləncə proqramı keçirildi

İyunun 19-da Formula-1 Avropa Qran-prisi başa çatdıqdan sonra “Formula-1 Şəhərciyi”ndə maraqlı əyləncə proqramı keçirilib.

Lent.az -ın “azərtac”-a istinadən məlumatına görə, yarış başa çatarkən dünyanın ən tanınmış müğənnilərindən olan Farel Vilyams əsas səhnədə yer alaraq məşhur musiqi proqramı ilə Avropa Qran-prisinə yekun vurub. İstedadlı amerikalı ifaçı, bəstəkar və prodüser musiqi tarixində “Get Lucky”, “Happy” və “Frontin” kimi populyar hitlərinin və digər musiqi parçalarının müəllifi kimi tanınır.

“Formula-1 Şəhərciyi”ndə yarışın sonuncu günündə də səyyar məzhəkəçi aktyorlar tamaşaçıların istirahətinə xüsusi rəng qatıb. Səyyar proqrama Güzgü Adam, aktyor Spandi Andi, Ağacayaq, Küçə Rəssamları, Titan Robot və ənənəvi Azərbaycan rəqsləri daxildir. Həmçinin yerüstü 3D illüziya incəsənət nümunələri, 8 metr hündürlüyündə dırmanma divarı, hava tunelində uçuş, müxtəlif maili enişlərdən və relslərdən ibarət skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlərin çıxışı, batut şousu da azarkeşlərə təqdim olunub.

Formula-1 Avropa Qran-prisinin əyləncə proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.