60
14:22
22 İyun 2016

AZƏRBAYCANDA SİRLƏRLƏ DOLU CİNAYƏT: qara paltarlı qadın, 1 yaşlı körpə, naməlum meyit...

İyunun 19-da Qazax rayonunun Xanlıqlar kəndində “Bayram bulağı” adlanan ərazidə kolluqdan tapılan qadın meyitinin kimə məxsus olması hələ də müəyyənləşməyib. Lent.az -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Ağstafa çayının yaxınlığında aşkarlanan qadın meyitinin tanınması istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir. Şahid ifadələri əsasında müəyyən edilib ki, 25-30 yaşlı həmin qadını sonuncu dəfə iyunun 18-də Qazaxın Xanlıqlar və Cəfərli kəndləri arasındakı yolda görüblər. Həmin vaxt qadının yanında 1 yaşlı oğlan uşağı da olub.

Həmin qadının əynində açıq göy rəngli cins şalvar, qara rəngli qolsuz köynək və qara rəngli dabansız yay ayaqqabısı (çust) olub.

Şəkildə görünən bu qadını tanıyanlardan xahiş edilir ki, bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər.

Qeyd edək ki, ilkin araşdırma zamanı meyiti tapılan həmin qadının qətlə yetirildiyi üzə çıxıb, araşdırmalar davam etdirilir.

***

20 iyun

Polis Qazaxda naməlum qadın meyitinin tapılması ilə bağlı əhaliyə müraciət edib. Lent.az -ın məlumatına görə, polisin yaydığı elanda bildirilir ki, 19 iyun tarixdə səhər Ağstafa çayının Qazax rayonunun Xanlıqlar kəndinin ərazisindən keçən hissəsində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan 25-30 yaşlarında naməlum qadın meyidi aşkar edilib.

Meyidin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 1 metr 60 santimetr, saçı və gözləri qara rəngli, orta köklükdədir, göbək nahiyyəsində cərrahiyyə əməliyyatının izləri var.

Fotoşəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və ya kimliyi barədə hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 295-14-97 nömrəli şəhər, eyni zamanda, (050) 392-02- 21, (055) 221-52- 48 və (050) 366-66- 62 nömrəli mobil telefonlara zəng edərək Qazax Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

*****

10:28

Dünən Qazax rayonunun Xanlıqlar kəndində, "Bayram bulağı" adlanan ərazidə tapılan qadın meyitinin kimə məxsus olması hələlik müəyyənləşməyib. Qazax rayon Prokurorluğundan Lent.az -a verilən məlumata görə, ilkin müayinə zamanı 25-30 yaşlı həmin qadının üzərində kəsici və küt alətlərə xas xəsarətlər aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Gənc qadının kim tərəfindən hansı səbəbdən qətlə yetirilməsi, eləcə də onun şəxsiyyəti araşdırılır.

*****

19 iyun

Qazax rayonunun Xanlıqlar kəndində Bayram bulağı adlanan ərazidə naməlum qadın meyiti tapılıb. Lent.az xəbər verir ki, Qazax rayon Polis Şöbəsindən Report-a verilən məlumata görə, kolluqdan tapılan və təqribən 25 yaşında olan qadın bıçaqlanaraq qətlə yetirilib.

Bildirilir ki, meyitin burun və qarın nahiyələrində əməliyyat izləri var.

Qadının cəsədi Qazax Diaqnostika Mərkəzinin morquna yerləşdirilib. Hazırda qadının şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

*****

16:06

Qazaxda naməlum qadın meyiti tapılıb.

APA-nın qərb bürosunun verdiyi məlumat görə bu gün rayonun Xanlıqlar kəndində yerləşən Bayram bulağının yaxınlığında təxminən 25-30 yaşlarında olan qadın meyiti aşkar olunub.

Kimliyi məlum olmayan meyit müayinə olunmaq üçün Qazax Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.