37
13:20
19 İyun 2016

Dalğıc geyimində tapılan meyitin kimə məxsus olduğu bilindi - OX ATIRMIŞ

Dünən axşam saatlarında Xəzər dənizinin Neftçala rayonuna yaxın ərazisində sərhədçi gəmisi tərəfindən dağlıc geyimində aşkar edilmiş cəsədin kimə məxsus olduğu məlum olub. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya ETT Birliyinin Salyan rayonlararası Zona Mərkəzində aparılan tanınma zamanı məlum olub ki, bu, 10 gün əvvəl rəsmi axtarışa verilmiş Bakı şəhəri, Xətai rayon sakini, 62 yaşlı Fedin Yuri Fyodroviçin cəsədidir.

Mərhumun oğlu bildirib ki, atası həvəskar və məşhur balıq ovçularından olub. Su altında ox atan silahla (qarpun) balıq ovlamaqla məşğul olurmuş. Eyni zamanda uzun illər dalğıc kimi də işləyib.

Hadisə iyunun 8-də Xəzərin Hövsan hissəsində baş verib. Dalğıc geyimində balıq tutmaq üçün dənizə baş vuran Yuri bir daha geri dönməyib. Hadisənin ya dalğalı dəniz, ya da dalğıc ləvazimatındakı texniki nasazlıq ucbatından baş verdiyini güman edilir.

Onu da qeyd edək ki, Yurinin ailəsində dalğıc olmaq ənənəsi var. Onun böyük oğlu Dmitri də ARDNŞ-in “as” dalğıclarındandır.

Mərhmun cəsədinin tanınması və Bakıya aparılması üçün oğlu ilə bərabər həmkarları da gəliblər.

Qeyd edək ki, iyunun 9-da Lent.az -da Y.Fedinin itkin düşməsi ilə bağlı xəbər gedib. Xəbərdə bildirilirdi ki, Bakıda 62 yaşlı kişi itkin düşüb. Həmin vaxt Xətai rayon Polis İdarəsi 35-ci Polis Bölməsinə müraciət edən Fedin Andrey Yuriyeviç bildirib ki, atası, 1954-cü il təvəllüdlü Fedin Yuri Feodoroviç G.Şıxlınski küçəsində yerləşən evindən gedib və bir daha geri qayıtmaması ilə bağlı məlumat vermişdi.

*****

10:06

Neftçala rayonunda naməlum kişi meyiti tapılıb. Lent.az Report-a istinadən xəbər verir ki, cəsəd Kür çayının Mayak qəsəbəsinin ərazisindən keçən hissəsində aşkarlanıb.

Ölən şəxsin kimliyi hələlik məlum deyil. Araşdırma aparılır.

Virtualaz.org xəbər verir ki, ölən şəxs 40-45 yaşlarında, dalğıc geyimində olub. Meyit qismən çürüməyə məruz qalıb.