33
15:31
17 İyun 2016

Bu il 284 əlil işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin yanvar-may aylarında 284 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib.

Nazirliyin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, onlardan 128 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün nəzərdə tutulan kvota çərçivəsində vakant olan iş yerlərinə təyin olunublar. Əlilliyi olan şəxslərin işlə təmin edilməsi göstəricilərinə görə Abşeron, Aran və Naxçıvan iqtisadi rayonları üstünlük təşkil edib.

Bildirək ki, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün nəzərdə tutulmuş kvota üzrə 665 müəssisə üzrə 2 minə yaxın boş iş yeri müəyyən edilib. Həmin vakansiyaların yarısı əlilliyi olan şəxslər üçündür.

Qeyd edək ki, “Məşğulluq haqqında” qanuna əsasən, əlilliyi olan şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aid edilirlər. Onların güzəştli şərtlərlə işlə təminatı Qanunun əsas tələblərindən biridir. Nazirlər Kabinetinin «Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası»na görə, idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün müəyyən edilən kvotanın 50 faizə yaxını əlilliyi olan şəxslər üçün nəzərdə tutulur.