25
18:29
27 May 2016

Xəzər Lənkəran fəalliyyətini dayandırırdı, oyuncular azad agent oldu

Fəaliyyətini dayandıran “Xəzər Lənkəran”ın futbolçularının gələcək taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 2015/2016 mövsümündə “ağ-yaşıllar”ın formasını geyinmiş oyunçulara azad agent statusu verilib.

Bu isə o deməkdi ki, “Xəzər Lənkəran”la müqaviləsi olan futbolçular istədikləri kluba rahatlıqla keçə biləcəklər. Bu, klubun yetirməsi olan 17 yaşadək oyunçulara şamil edilməyəcək.

Məlumatı əməkdaşımızla söhbətində “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da təsdiqləyib: “Yaşı az olan yetirmələrimiz istisna olmaqla, əsas komandanın formasını geyinmiş hər bir oyunçu azad agent statusu daşıyacaq. Hər birinin transfer vərəqəsi özlərinə veriləcək, istədikləri komandaya keçə biləcəklər”.

Qeyd edək ki, “Xəzər Lənkəran” Futbol Klubunun fəxri prezidenti Mübariz Mənsimovun başçılığı ilə keçirilən iclasda “ağ-yaşıllar”ın əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırması qərara alınıb.

*****

"Xəzər Lənkəran” Futbol Klubu fəaliyyətini dayandırıb. Bu barədə klubun fəxri prezidenti Mübariz Mənsimovun başçılığı ilə keçirilmiş iclasda qərar qəbul olunub.
Lent.az -ın klubun saytına istinadən məlumatına görə, İclasda klubun fəaliyyətinin bütün istiqamətləri müzakirə olunub, hər bir fəaliyyət istiqaməti hazırda mövcüd olan reallıqlara uyğun olaraq qiymətləndirilib.
İclasın yekununda qərara alınıb ki, “Xəzər Lənkəran” Futbol Klubu əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırsın. Bununla belə, klub Azərbaycan futbol ailəsinin üzvü olaraq qalacaq və aşağı yaş qrupları üzrə fəaliyyətini davam etdirəcək. Növbəti mövsüm üçün “Xəzər Lənkəran” AFFA bayrağı altında keçirilən müəyyən aşağı yaş liqalarında iştiraka dair assosiasiyaya müraciət edəcək. Aşağı yaş qruplarının strukturunun və heyətinin yenidən təşkili, yeni mövsümdə yarışlarda iştirak edəcək komandaların formalaşdırılması və digər təşkilati məsələlər klubun administrasiyasına tapşırılıb.
Əvvəlki illərdə olduğu kimi, klub Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində mövcud olan bütün imkanlarından istifadə edəcək. “Xəzər Lənkəran” öz adını və brendini qorumaq niyyətindədir və bu işdə çoxsaylı azarkeşlərinin dəstəyinə arxalanır.