78
15:32
29 Aprel 2016

Kremlə üsyan edən bakılı qızın FİLM KİMİ HƏYATI - II HİSSƏ

Əlindən siqaret düşməzmiş. Nə olsun Bakıydı, SSRİ-nin ən böyük şəhərlərindən biriydi?! Mentalitet məsələsi vardı axı. Vecinə də deyildi, “Kubinka”dakı “qara bazar”dan da bahalı xarici siqaret tapıb, çəkirdi.

O nəhənglikdə Tixonova belə “yox” demək cəsarətində bulunmuşdu bu qız. Ən yaxın iki dostunu da götürüb imperiyanın paytaxtında, Moskvadaca qiyam qaldırmışdı. Çoxlarının üzvü olmaq üçün az qala qapısında yatdığı SSRİ Yazıçılar İttifaqından da rahatlıqla çıxıb getmişdi.

Onun üçün heç bir sərhəd, heç bir qadağa mövcud deyildi. Ürəyi istəyəni yazırdı. Onun və dostlarının yazdıqları artıq hakim ideologiyanın böyük qayğısına çevrilmişdi. Şeirləri Moskvanın elitar ədəbi dairələrində əl-əl gəzirdi...


(əvvəli bu linkdə http://news.lent.az/news/240766)


Bakıya çatan kimi yenə dostlarını başına toplayır. Yenə dar çevrələrdə şeir məclisləri, gitara və saysız-hesabsız, özü də yazıya alınmayan, çap olunmayan şeirlər. Yeri gəlmişkən, İnna haradasa mənə Onegin Hacıqasımovu xatırladır. Təxminən eyni dövrdə yaşayıblar Oneginlə. O Oneqin ki ona “Bakının Yesenini” deyirdilər. Bir dəfə Moskvada oğlu Yusiflə söhbət zamanı o, bu sətirlərin müəllifinə demişdi: “Atamın yüzlərlə şeiri var ki, it-bata düşüb. Mən hələ də o şerləri bir yerə yığa bilmirəm”.

Eləcə də İnna.

Amma dostları yenə onu yola gətirməyə çalışırlar: “Sən mütləq ali təhsil almalısan”. Və bir kiçik bir təsadüf İnnanın həyatında böyük rol oynayır. O dövrün tanınmış şairi Pavel Antokolski Bakıya gəlibmiş. Bakıda bir neçə gün qalan şair demək olar ki, hər axşam poeziya gecəsi keçirər, tanınmış və gənc şairlərin şeirlərini dinləyərdi. Yox, sadəlövh olmayın, İnna poeziya gecəsinə-filana getmir. Bu dəfə də dostları onun əvəzindən şeirlərini Antokolskiyə göstərirlər. Antokolski şeirlərlə axşam tanış olacağını deyir. Amma… Amma səhər tezdən durub həmin uşaqları axtarmağa başlayır, “o qızı tapın, dərhal yanıma gətirin” deyir. İnnanı birtəhər yola gətirib Antokolskinin yanına aparırlar.

- Sən haranı bitirmisən?

İlk sualı bu olur şairin.

İnna çiyinlərini çəkir.

- Sən şairəsən, əsil şairə. Amma belə olmaz. Sən ali təhsil almalısan mütləq. Hazırlaş imtahana. Mən də kömək edəcəm.

İnna imtahan verməyəcəyini deyir. Və Tixonovla olan söhbəti xatırladır. Antokolski başını bulayır. “Yaxşı, mən bir şey fikirləşərəm” deyib, mehmanxanaya qayıdır.

Amma mehmanxanada da dayana bilmir. Oradan düz gəlir Azərbaycan Dövlət Universitetinə. Rektor Cəfər Xəndanın yanına. Məsələni danışır. Cəfər müəllim imtahansız tələbə qəbulunun çətin olacağını deyir. Antokolski Cəfər Xəndanı inandırmağa çalışır ki, əlinə bir dəli, fitri istedadlı qız düşüb, ona nəyin bahasına olursa-olsun kömək etmək lazımdı. Rektor yuxarılarla məsləhətləşir. Səhəri Antokolskini yanına çağırıb deyir ki, istisna hal kimi qəbul edirik, amma əyani yox, axşam şöbəsinə.

Sonradan müsahibələrinin birində İnna deyəcəkdi: ”Mən heç oranı da bitirə bilmədim. Bir kurs oxudum, gördüm mənasız bir şeydi. Təhsili atıb ərə getdim”.

Yeri gəlmişkən, İnnanın bircə övladı olub, Yelena. O da birinci ərindən, şair Qriqori Korindən. Hazırda İsraildə yaşayır Yelena Korina.

Hə, universiteti tərk edir İnna. Ərə gedir, Lena doğulur. 4 ildən sonra isə Bakını tərk edib Moskvaya yollanır, 1960-cı ildə…

Moskva həyatına tez öyrəşir İnna. Ara-sıra çap olunur. Hə, çap olunur demişkən, onun ilk şeirlər toplusu “Çto bılo so mnoyu” (“Mən bunu yaşamışam” ) Bakıda 1957-ci ildə nəşr olunub, ardınca isə “Vernost” (“Sədaqət”) işıq üzü görüb.

Moskvada isə çap olunmaq bir az çətinə düşmüşdü. Amma bununla belə İnna yazırdı. Bir dəfə ondan soruşmuşdular:

- Bəs siz kimin üçün yazırsız, İnna Lvovna? Özünüz üçün? Şair-dostlarınız üçün?

- Bilmirəm. Mən nadir hallarda ictimaiyyət qarşısında çıxış edirəm. Son altı ildə ancaq bircə dəfə çıxış etmişəm – Ədəbiyyat İnstitutunun tələbələri qarşısında. Və bu mənə kifayət edir.


75-ci ildə İnna ərindən boşanır. Baxmayaraq ki, boşanmışdılar, amma qızları Lenanı ikisi böyüdürdü. Həmin ərəfədə İnna işsiz idi. Bir yandan da çap olunmaması maddi vəziyyətini pisləşdirmişdi. O ərəfədə Semyon Lipkinlə evlənir İnna. Lipkinin ailəsi vardı. Amma hər şeyə rəğmən Lisnyanskayanın yanına köçür.

1978-ci ildə isə “Metropol” dövrü başlayır. İnna Moskvanın düz ortasında, gizlicə, zirzəmilərdə əmələ gələn “Metropol” almanaxının yaradılmasında iştirak edir. Topluda dərc olunan əsərlərin müəllifləri sırasında ondan başqa Vasili Aksenov, Vladimir Vısotski, Yevgeni Reyn, Yevgeni Popov, Viktor Yerofeyev, Fazil İskəndər və başqaları da vardı.

“Metropol” almanaxı “samizdat” kolleksiyasının ən unikal nümunələrindəndir. Tanınmış ədiblərin (B. Axmadulina, A. Voznesenskiy, Ye. Reyn, V. Vısotski, Yu. Akleşkovski, Q. Sapqir və b.), o cümlədən açıq nəşrə yaxın buraxılmayan müəlliflərin senzuradan kənar mətnlərindən ibarət bir nəşr idi. Qeyri-adi formatda cəmi 12 nüsxəsi hazırlanıb. Vatman kağızı üzərinə çap maşını ilə yazılmış dörd səhifə yapışdırılıb. Vərəqlər yaşılımtıl mərmər lövhəni andıran karton qovluğa yerləşdirilib. Düzdür, indi bizim 70-cilər dissident ədəbiyyatından danışmağı xoşlayırlar, amma təəssüf ki, bu almanaxda bircə nəfər də olsun Azərbaycan şairinin və yazıçısının əsəri çap edilməyib.

Və tezliklə KQB bu məxfi almanaxdan xəbər tutur. SSRİ Yazıçılar İttifaqın sədri Georgi Markovu Kremlə çağırıb, əməlli danlayırlar. Markov Kremldən qayıdan kimi İttifaqın İdarə Heyətini yığır. Almanax üzvləri Popov və Yerofeyevin SSRİ Yazıçılar İttifaqından xaric edilməsi barədə qərara qəbul edilir. Kremldə fikirləşirlər ki, iki qiyamçını İttifaqdan rədd etdikdən sonra digərləri sakitləşəcək. Amma əksinə olur. Dostlarının İttifaqdan çıxarılmasından sonra İnna Vasili Aksenov və Semyon Lipkinlə birlikdə həmkarları ilə həmrəylik nümayiş etdirərək 1979-cu ildə İttifaqı tərk etdiklərini bildirirlər. Və bununla da onlara SSRİ-də çap olunmaq yasaq edilir…

Amma… İnnanın ondan da xəbəri yox idi ki, yenə də özündən xəbərsiz onun şeirləri Qərbdə işıq üzü görür, sevilir və oxunurdu.

“YMKA-Press” və “Ardis” nəşriyyatları onun bir neçə kitabını çap edirlər.

Yenidənqurmadan sonra isə hər şey dəyişir, on illik fasilədən sonra onun şeirləri yenidən vətəndə işıq üzü görür. Lisnyanskaya canlı klassikə çevrilir. Rusiya Dövlət Mükafatı və Aleksandr Soljenitsin mükafatı ilə təltif olunur.

***

“Zaman-zaman Bakı mövzusu mənimçün qabarır. Harada doğulduğunu unutmaq çətindir, çünki hər şey ordan qaynaqlanır – bütün çətinliklər, sevinclər, ağrılar, həyatın bütün tragik və komik vəziyyətləri. Bu, banallıqdır, amma uşaqlıqdan gəlir. Ümumiyyətlə, ən banal şeylər ən əbədiyaşar şeylərdir”, - İnna Lvovna müsahibələrinin birində demişdi.

Amma Bakyıa qayıtmır yaşamaq üçün. Bir neçə dəfə qonaq kimi gəlir. Əri Semyon Lipkinin vəfatından sonra İsrailə köçür; ədəbiyyatşünas, heykəltəraş, sərgilər kuratoru olan qızı Yelenaya daha yaxın olsun deyə. Son illərini Hayfada yaşayır. Burada da qərar tuta bilmir. Moskvaya qayıdır. 12 mart 2014-cü ildə vəfat edir. Peredelkinski məzarlığında, əri Semyon Lipkinin yanında dəfn olunur…