35
23:33
27 Aprel 2016

“Qəbələ”nin baş məşqçisi: “Necə danışmayım? Əsəbim dözmür”

“Nəticədən narazıyam. Bu gün nəinki qələbə qazanmalı idik, hesab 3 və daha böyük top fərqi ilə olmalı idi. Təəssüf ki, 100 faizlik qol imkanlarından yararlana bilmədik”.

Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşan “qırmızı-qaralar”ın çalışdırıcısı matçın baş hakimindən narazılığını bildirib: “Qoy məni yenə cərimələsinlər, amma bəyan edirəm: cari mövsümdə minimum 15 xalımızı əlimizdən alıblar”.

- Düşünmürsünüz ki, bu cür bəyanatla hakimləri özünüzə qarşı daha da aqressiv edirsiniz?

- Bundan pis olmayacaq. Siz ancaq penalti epizodunu görürsünüz. Amma bununla iş bitmir. Qay sarı vərəqə limitinə yüklənir. Rəşad Eyyubov da həmçinin. Necə danışmayım? Əsəbim dözmür. Bu gün bilərəkdən texniki zonadan çıxdım ki, məni də qovsunlar. Bu şəraitdə işləməyim əhəmiyyətini itirir. Çünki bu ədalətsizliklə mübarizə aparmağın yollarını bilmirəm.

- Hakimliklə bağlı iradlarınızı bildirdiz. Bəs, medalın ikinci tərəfi?

- Bəli, çoxsaylı qol epizodlarını qaçırdıq və bu, bizi qayğılandırır.

- Qeyd etdiniz ki, hakimlər minimum 15 xalınızı alıb. Sizə elə gəlmir ki, “Qəbələ”ni bilərəkdən boğan üçüncü əl var?

- Yox, elə düşünmürəm. Ancaq real faktlar var. Siz – jurnalistlərin bunu təhlil etməyə vaxtınız olmur. Ancaq mən hər oyunumuzu təhlil edirəm axı! Təsəvvür edirsiniz nələr üzə çıxır?! Xırda follar, amma aşkar görünən, yaxud bir başqa misal çəkim. Oyunlardan birində cəmi 65 dəqiqə mübarizə apardıq. Qalan vaxtın 20 dəqiqəsini rəqib komandanın qapıçısı topla yerdə sərilib, vaxtı öldürürdü.