42
17:44
27 Aprel 2016

Beynəlxalq forumun bağlanış mərasimi keçirilib

Bakıda keçirilən BMT Sivilizasiya Alyansının 7-ci Qlobal Forumunun bağlanış mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən alyansın ali nümayəndəsi Nasir Əbdüləziz əl Naser bildirib ki, forum işini uğurla yekunlaşdırıb: “Azərbaycan hökuməti ilə apardığım əməkdaşlıqdan qürur duyuram. Gözəl təşkilatçılığa görə hamınıza alyansın həmtəsisçiləri İspaniya və Türkiyəyə təşəkkür edirəm”.

Alyans rəsmisi Məşvərət Şuranın işinin başlamasını rəsmi qaydada elan edib. O bildirib ki, şura siyasi, dini, vətəndaş cəmiyyəti və akademik sahənin ali nümayəndələrindən ibarət olacaq və alyans üçün tövsiyələrlə çıxış edəcək. O həmçinin inklüzivlikdə idmanın rolunu da qeyd edib.

Azərbaycanın mədəniyyət və turizm naziri, forumun təşkilat komitəsinin rəhbəri Əbülfəs Qarayev Azərbaycan adından BMT Sivilizasiya Alyansının forumunun Bakıda keçirilməsinə dair qərarına görə təşəkkür edib: “Bu qərar Azərbaycanda tolerantlıq, birgəyaşama dəyərlərinə olan münasibətin təzahürü idi. Artıq bilirik ki, tək deyilik, beynəlxalq ictimaiyyət bizim gördüyümüz işlərə yardımçıdır”.

Əbülfəs Qarayev deyib ki, forumda 147 ölkədən 1500 nəfər iştirak edib. Ümumi qeydiyyatdan keçənlərin sayı 4300-dən çoxdur: “Könüllüləri də daxil etsək, forumun işində 6 mindən çox insan iştirak edib. Tədbiri işıqlandıran 120 kütləvi informasiya vasitəsinə minnətdarlığımı bildirirəm. Bakı prosesi davam edəcək. Bu, ölkə prezident tərəfdən yaradılmış tendensiyadır”.