55
13:26
27 Aprel 2016

"Heç kimə pul təklif etməmişəm" - Cavid Hüseynov

Bu gün Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərçivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəmə prosesi davam edib. Lent.az -ın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Şahid Pərviz Qabilzadə bildirib ki, o, Cavidlə 10 il bundan əvvəl idman məşqlərində tanış olub və yoldaşlıq edib:

"Bu hadisə ilə bağlı mən Cavidin bibisi oğlu Elşən İsmayılovla danışdım. Hadisədən xəbərim olanda Bayılda yaşayan dostumla əlaqə saxladım və dedim ki, dava etməsinlər. Amma Cavidin üzünü heç 10 ildir görmürəm. Bu illər ərzində heç bir telefon danışığı da olmayıb. O, istintaqa verdiyi ifadəsini də təsdiqləyib".

Şahidlərdən 3 nəfər prosesə gəlməyib. Beləliklə də onların ibtidai istintaqa verdikləri ifadə əsas götürülüb və proses iştirakçılarına elan edilib.

Həmin şahidlərdən Aydın Mahmudov ifadəsində bildirib ki, jurnalist Rasim Əliyev xəstəxanada olanda Cavid ora gedib. Və o, Rasimlə söhbətində bildirib ki, müalicənin bütün pulunu ödəyəcək. Və futbolçunun həkimlə də görüşüb söhbət etdiyini qeyd edib. Lakin Cavid Hüseynov buna etiraz edib:

"Mən ümumi olaraq xəstənin vəziyyətini öyrənmişəm. Heç kimə də pul təklif etməmişəm".

Vəkil Adəm Məmmədov vəsatət qaldırıb. Vəsatətində bildirib ki, "Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlı xəstəxanada Cavidlə birlikdə olub:

"Buna görə də onun əlavə şahid qismində dindirilməsini istəyirəm. Bundan başqa, Zəfər Şərəfov adlı bir şəxslə də Cavid Hüseynovun Faysbuk-da yazışmaları var. Onu da prosesə dəvət etmək lazımdır".

Hakim vəsatətləri təmin edib. Növbəti proses mayın 4-nə təyin edilib.

Qeyd edək ki, jurnalist Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir. Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasıji və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılıb. Cinayətdə digər təqsirləndirilən şəxslərin barəsində olan cinayətj işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun icraatında baxılıb. C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb. Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.