65
11:08
27 Aprel 2016

Novruz Məmmədov: “Kaş beynəlxalq hüquq nisbi də olsa tətbiq ediləydi ”

“Azərbaycan 25 illik müstəqillik dövründə dünyada sülhə töhfə vermək istəyib. Biz bunu idman, mədəniyyət və digər sahələrdə də etməyə çalışmışıq. Bu gün BMT ilə belə bir tədbirin keçirilməsi də ilk hadisə deyil, belə tədbirləri çox keçirmişik”.

APA-nın məlumatına görə, bunu Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda keçirilən bölmə iclasında Prezident Administrasiyası rəhbərinin müavini, PA Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, BMT İkinci Dünya müharibəsindən sonra dünyada sülhün bərqərar olunmasına kömək etmək üçün yaradılıb: “BMT öz missiyasını yerinə yetirə bilmədiyi üçün Türkiyə və İspaniya BMT-nin Sivilizasiyalar Alyansının yaradılması təşəbbüsü ilə çıxış edib və Alyans yaradılıb. Hətta biz kiminləsə BMT ilə bağlı danışanda deyirlər ki, bu təşkilatın kimə xidmət etdiyi məlumdur. Son vaxtlar yağışdan sonra göbələk kimi çoxlu sayda regional və beynəlxalq təşkilatlar yaranır. Kaş beynəlxalq hüquq nisbi də olsa tətbiq ediləydi, o zaman dünyada vəziyyət belə olmazdı. Beynəlxalq hüququn tətbiq edilməsi hər bir böyük dövlətin öz istədiyini etməsindən daha yaxşı olardı”.

N. Məmmədov Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmaması ilə bağlı sualların ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransaya, eləcə də BMT-yə ünvanlanmalı olduğunu bildirib: “Amma BMT bir dəfə də olsun, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirməyib, bu məsələni ATƏT-ə tapşırıb. ATƏT də bu məsələni 3 həmsədr dövlətə tapşırıb. O həmsədr dövlətlər isə dünyaya elan edirlər ki, bu məsələ barədə heç kim danışa bilməz. Ay yarım əvvəl Azərbaycan Avropa Şurası Parlament Assambleyasında münaqişə ilə bağlı bir məsələ qaldırılmışdı. Ancaq həmsədr dövlətlər bu məsələnin müzakirə edilməməsi ilə bağlı tapşırıq verdilər. Görürsünüz ki, 3 nəfərdən ibarət qrup AŞPA-ya göstəriş verdi, onlar da yerinə yetirdilər. Bizim ərazilərimiz olan Dağlıq Qarabağın ətrafındakı 7 rayona Ermənistanın heç bir iddiası ola bilməz, orada 760 min azərbaycanlı yaşayıb. Ancaq bununla bağlı nə BMT-də, nə də digər qurumlarda beynəlxalq hüququ yada salan yoxdur. Buna görə də bugünkü vəziyyət yaranıb. Bu gün dövlətlər deyirlər ki, başqa dövlət bunu edir, mən də edəcəyəm. Ümid edək ki, axırı yaxşı olacaq”.