46
15:13
26 Aprel 2016

"İstəsələr, problem qısa müddətdə həll oluna bilər" - Çavuşoğlu

"Biz bütün şərtlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Qarabağ problemi, Azərbaycanın işğal olunmuş torpaq problemi BMT və digər təşkilatların qərarlarında olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində diplomatik və sülh yolu ilə həll olunmalıdır".

APA -nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda BMT Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında deyib.

O, Minsk qrupu həmsədrlərinin üzərinə vacib vəzifələr düşdüyünü bildirib: " Əgər onlar istəsələr, bu problem qısa müddətdə həll oluna bilər. Ermənistan siyasi həll istəmədiyi üçün atəşkəsi pozub. Azərbaycan birtərəfli qaydada atəşkəs elan edərək münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bütün dünyaya göstərdi.

Ermənistanın bu mənfi yanaşması heç kim tərəfindən mükafatlandırılmamalıdır. Bizim bu məsələ ilə bağlı mövqeyimiz son dərəcə qətidir. Biz münaqişənin sülh yolu ilə həllini istəyirik. Amma hər zaman qardaş Azərbaycanın yanındayıq".

APA