38
22:05
25 Aprel 2016

Bu gün 346 ədəd partlamamış hərbi sursat tapıldı

Aprelin 25-də Azərbaycanda 346 ədəd partlamamış hərbi sursat və 1 ədəd mina aşkarlanıb. APA -nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 25 aprel 2016-cı il tarixində Tərtər, Goranboy, Füzuli, Ağdam və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) barədə yaydığı hesabatda bildirilib.

Hesabata əsasən, aprelin 25-də Agentlik tərəfindən 9 ev, 40 partlayış yeri yoxlanılıb, 346 ədəd partlamamış hərbi sursat və 1 ədəd mina aşkar edilib və 34 120 kv. m ərazi yoxlanılıb.

Cəmi 4 gün ərzində 3 ədəd OFAB-50 aviabomba, 1 122 ədəd 12.7 mm-lik və 15 ədəd 7.62 mm-lik kiçik çaplı mərmilər, ümumiyyətlə, 1140 ədəd partlamamış hərbi sursat aşkar olunaraq, götürülüb.

Ümumilikdə, Agentlik tərəfindən 7-25 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 343 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 287 ədəd partlamamış hərbi sursat və 9 (səkkiz) ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.