37
20:07
25 Aprel 2016

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 25 Aprel

GÜNÜN ŞƏRHİ

Birləşmiş Ştatlar son superçərşənbələrdən birinə hazırlaşır. Sabah beş ştatda keçiriləcək ilkin seçkilərin ayrı önəmi var. Seçkilər öncəsi respublikaçı iddiaçılardan ikisi birləşərək yarışın favoriti Donald Trampa qeyri-rəsmi müharibə edib. Ted Kruz və Con Keysikin məqsədi namizəd olmaq deyil, əksinə Trampın namizədliyinə mane olmaqdır. Əgər Tramp qurultayda 1237 səsi təmin edə bilməsə, o zaman partiya rəhbərliyi konkret bir şəxsi namizəd göstərə bilər. İndiki situasiyada respublikaçıların əsas namizədi Nümayəndələr Palatasının sədri Pol Rayan görünür. Sabahkı seçkilər bu baxımdan iki suala cavab verməlidir. Birincisi, Pol Rayan ssenarisi, üstəgəl iki önəmli namizədin birləşməsi Donald Trampa dəstəyi azaldacaqmı? İkincisi, bu faktorlar Tramp tərəfdarlarının sayının çoxalmasına səbəb olacaqmı? Bir fakt dəyişməz qalır, respublikaçılar qəti şəkildə Trampın onları təmsil etməsinin əleyhinədirlər və onun namizədliyinin qeydə alınmaması üçün bütün hüquqi imkanlardan istifadə edəcəklər. Hər şeyə rəğmən Tramp namizəd olarsa, respublikaçıların dəstəyindən məhrum olan respublikaçı namizəd kimi tarixə düşəcək. Bu isə ilk növbədə demokratların işinə yarayır. Kartların bu cür düzülüşündə Hillari Klintonun prezident seçilməsi qarşısında tək əngəl qalır - Berni Sandersin müstəqil namizəd olması demokratlar düşərgəsində parçalanmaya səbəb ola bilər. Sanders sabahkı seçkilərdən sonra geri çəkilməsə, iki namizəd arasında bir bazarlığın başlayacağı şəksizdir.

Vüqar MƏSİMOĞLU