45
18:58
25 Aprel 2016

Türkiyədə hakimi döyən 17 yaşlı azarkeş sərbəst buraxıldı - YENİLƏNİB

Türkiyədə hakimi döyən 17 yaşlı gənc azadlığa çıxıb.

Lent.az -ın Türkiyə mediasına istinadən məlumatına görə, dünən keçirilən “Trabzonspor”- “Fənərbaxça” qarşılaşmasında yan xətt hakimi Volkan Bayarslanı döyən 17 yaşlı O. M çıxarıldığı növbətçi məhkəmədə çıxış edib. O, qarşılaşmanın atfoserinə qapıldığını deyib: “Peşmanam, hakimdən də, Trabzon klubundan da üzr istəyirəm. Məğlubiyyəti həzm edə bilmədim”.

Prosesdə 17 yaşlı O. M şərti azadlığa çıxıb. Ailəsi ilə məhkəmədən ayrılan şəxs jurnalistlərə açıqlama verməyib.

**

14:33

Dünən Türkiyə Super Liqasında keçirilən “Trabzonspor”-“Fənərbaxça” qarşılaşmasında yan xətt hakimini döyən şəxsə cinayət işi açılıb.

Lent.az -ın Türkiyə mətbuatına istinadən məlumatına görə, oyunun 89-cu dəqiqəsində stadiona daxil olan 17 yaşlı O.M adlı azarkeş yan xətt hakimi Volkan Bayraslanı döyüb.

Mühafizəçilər tərəfindən saxlanılan 17 yaşlı gənc polisə təhvil verilib. Onu stadiondan aparan zaman “Bura Trabzondur” deyə şüar səsləndirib.

Hakim Volkan Bayraslan onu döyən gəncdən şikayətçi olub. Polis bölməsində ifadəsi alınandan sonra onun barəsində cinayət işi açılıb və istintaq təcridxanasına aparılıb.

Qeyd edək ki, dünən "Fənərbaxça”ya 0-4 hesabı ilə məğlub olmalarını qəbul etməyən "Trabzonspor"un bəzi azarkeşləri yaşıl meydana daxil olub. Hadisələrdən sonra qarşılaşma təxirə salınıb.