59
12:41
25 Aprel 2016

Bakının mərkəzindəki güclü partlayışın TƏFƏRRÜATI - YENİLƏNİB

Bakıda ötən gün baş verən partlayışın təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyindən APA -ya verilən məlumata görə, hadisə Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən banklardan birinə məxsus ümumi sahəsi 80 kv/m olan nasosxanada qeydə alınıb.

Partlayış nəticəsində 40 kv/m ərazi uçub. Hadisə zamanı ərazidən keçən Bakı şəhər sakinləri – Gülxar Quliyeva, Namiq Səmədov və Əli Babayev xəsarət alıblar. Xəsarət alanlara yerində ilkin tibbi yardım göstərilib.

Nazirlikdən həmçinin bildirilib ki, baş verən partlayış nəticəsində çoxlu sayda avtomobilə ziyan dəyib, bir gözəllik salonu, bir aptek və bir evin pəncərələri sınıb.

Faktla bağlı araşdırma aparılır.

**

24 aprel

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda inzibati binanın anbarında partlayışın baş verməsi barədə məlumat daxil olub.

Lent.az -ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq digər hüquq-mühafizə orqanları ilə birgə təhlükəsizlik tədbirləri həyata keçirib.

Əməliyyat saat 13:07-də başa çatıb.

*****

12:02

Bu gün səhər saatlarında “Xalq Bank”ın baş ofisində partlayış baş verməsi barədə bəzi mətbuat orqanlarında yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu APA-ya açıqlamasında “Xalq Bank”ın Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşən Eynullayev APA-ya açıqlamasında bildirib.

E. Eynullayev deyib ki, baş ofisə yaxın ərazidə baş verən partlayışın bankla əlaqəsi yoxdur. O, hazırda hadisə yerində Fövqəladə hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışdıqlarını, yaxın ərazidə park olunmuş avtomobillərə ciddi ziyan dəydiyini də bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Yasamal rayonu İnşaatçılar prospekti 100 ünvanında “Xalq Bank”ın baş ofisinin yaxınlığında partlayış olub. Hadisəyə ilkin ehtimal kimi qaz sızması göstərilir. Hadisə ilə bağlı hələki rəsmi məlumat yayılmayıb.

*****

11:26

Bu gün səhər saatlarında Bakı şəhərinin Yasamal rayonu ərazisində güclü partlayış baş verib. Lent.az -ın məlumatına görə, İnşaatçılar prospektində yerləşən “Xalq Bank”ın baş ofisinin yaxınlığındakı zirzəmisində yerləşən qarajda saat 09 radələrində partlayış baş verib.

Yasamal rayon Polis İdarəsindən Lent.az -a bildirilib ki, hadisə nəticəsində 10-dan artıq avtomobilə ciddi ziyan dəyib. Partlayış yanğına keçməsə də, xeyli dağıntıya səbəb olub.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedici qrupları işləyir.