52
01:06
24 Aprel 2016

Davudoğlu : "Aİ-də öz öhdəliklərini icra etsin"

“Brüssel və Ankara arasında miqrasiya sazişi qüvvəyə mindikdən sonra Avropa İttifaqına gedən miqrantların sayı xeyli azalıb”. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Qazıantepdə Almaniya kansleri Angela Merkel, Aİ Şurasının sədri Donald Tusk, Avropa Komissiyası sədrinin müavini Frans Timmermansla birgə mətbuat konfransı zamanı bildirib.

“Əvvəllər Türkiyə üzərindən Yunanıstana hər gün 6 minədək qanunsuz miqrant gedirdi, indi bu rəqəm orta hesabla 130-dur, bəzi günlər isə, ümumiyyətlə, qanunsuz miqrant qeydə alınmır, ya da ki cəmi 10-20 nəfər təşkil edir. Bu, bizim Aİ ilə yaratdığımız mexanizmin nə qədər effektiv olduğunu göstərir. Sazişin imzalanmasından sonra 105 leqal qaçqın tərəfimizdən Aİ-yə yola salınıb”, - deyə Davudoğlu bildirib.

“Türkiyənin ünvanına hazırda bir çox ittihamlar səslənir, əsasən də, beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən. Lakin, mən tam məsuliyyətlə deyə bilərəm ki, bir nəfər də olsun suriyalı qaçqın məcburi şəkildə öz vətəninə göndərilməyib”, - deyə baş nazir qeyd edib.

Onun sözlərinə görə, Türkiyə miqrasiya sazişi üzrə, qaçqınların işlə təmin olunması da daxil olmaqla, üzərinə götürdüyü bütün öhdəliklərini yerinə yetirir.

“Ümid edirəm ki, Aİ-də öz öhdəliklərini icra edəcək. Biz, ilkin olaraq, qaçqınların yerləşdirilməsi üçün Türkiyəyə 3 mlrd avro ayrılmasına dair razılığa gəldik, lakin sonrakı danışıqlar zamanı bu rəqəmi 6 mlrd-a çatdırdıq. Həmkarlarım qaçqınların yerləşdirilməsi üçün yaradılan infrastrukturla tanış olduqdan sonra ümid edirəm ki, bu gündən etibarən pullar ayrılmağa başlayacaq.

Aİ ilə vizasız rejimin tətbiqi bizim üçün həyati əhəmiyyət daşıyır”, - deyə Davudoğlu əlavə edib.