43
12:13
22 Aprel 2016

Qənirə Paşayevadan AŞPA-dakı Ermənistan heyətinə SƏRT CAVAB

AŞPA-da “Belçikada baş verən terror hadisələri”nin müzakirəsi zamanı Ermənistan nümayəndə heyətinin üzvü N. Karapetyan bütün çıxışını ön cəbhədə baş verən hadisələrlə bağlı Azərbaycan əleyhinə yalan, böhtan dolu ittihamlara həsr edib, Assabmleyaya yanlış məlumatlar verib. Lent.az -ın məlumatına görə, Azərbaycan nümayəndə heyəti adından çıxış edən millət vəkili Q. Paşayeva Ermənistan nümayəndə heyətinin terrorla mübarizə kimi həssas bir mövzuda da bütün çıxışı Azərbaycan əleyhinə qərəzli məlumatlara həsr etməsini qınayıb, buna kəsin etirazımı bildirib.

“N. Karapetyan, İŞİD kimi sivilləri öldürmək sizin söylədiyiniz kimi mənim ölkəm Azərbaycana deyil, sizin ölkəniz Ermənistana məxsus addımdır. Mənim ölkəm heç bir dövlətin torpağını işğal etməyib. Amma sizin ölkəniz Azərbaycan torpaqlarının 20 faizini işğal edərək 1 milyon azərbaycanlını qaçqın və köçkün salıb və 20 ildən artıqdır onların öz evlərinə dönməsinə imkan vermir. Sizin ölkəniz Ermənistan 20 mindən çox azərbaycanlını qətlə yetirib. Onların arasında mənin qohumlarımdan, dostlarımdan insanlar da vardı. Sizin işğalçı ölkəniz Azərbaycanın Xocalı şəhərində soyqırım həyata keçirərək bir gecədə əhalinin böyük bir hissəsini qətlə yetirdi. Hamısı mülkü insanlar idi. Yer üzündən Xocalı adlı bir şəhəri sildiniz”.

Millət vəkili Assambleyanın Ermənistanın cinayətlərinə səssiz qalmamağa çağırıb: “Ermənistan dövləti tərəfindən dəstəklənən çoxlu sayda terror aktlarından əziyyət çəkmiş bir ölkənin təmsilçisi olaraq səslənirəm. Avropa, AŞPA terrorla mübarizədə 2-li standartlara yol verməməlidir. Avropa, Avropa Şurası və AŞPA terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməməlidir, bundan əl çəkilməlidir”.

Q.Paşayeva assambleyaya birbaşa Ermənistan dövlətinin dəstəyi ilə azərbaycanlılara qarşı törədilən terror hadisələrindən danışıb və həmin zaman Avropanın Azərbaycana terrora qarşı mübarizədə lazımi dəstək verməməsindən də şikayətlənib: “Ermənistan Azərbaycan torpaqlarını işğal etməyə başlayandan bu ölkənin dəstəklədiyi terror təşkilatları çoxlu sayda qanlı terror hadisələri törədərək Azərbaycanda metroları, dəmiryol qatarlarını, avtobusları partladırdılar. Yüzlərlə insan, uşaqlar terrorun qurbanı oldu. 2 gün öncə Türkiyənin baş naziri A Davudoğlunun buradakı çıxışını tamamilə dəstəkləyirəm. Terror təşkilatları arasında fərq qoyulmamalıdır. Hamısına qarşı 2-li standartlara yol vermədən bütün üzv ölkələr birlikdə sərt mübarizə aparmalıdır. Avropanın gələcəyi üçün bu cür yanaşma ortaya qoyulmalıdır. Başqa cür terrorla effektiv mübarizə mümkün deyil”.