71
12:04
22 Aprel 2016

Dövlət Departamentindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şərhə DÜZƏLİŞ

ABŞ Dövlət Departamentinin saytında qurumun mətbuat katibi Con Kirbinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdiyi şərhdə düzəliş edilib.

APA -nın xəbərinə görə, əvvəlki versiyada bildirilirdi ki, “Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiya və Fransadan olan həmsədrlərlə birlikdə regiona səfər edib və birmənalı olaraq danışıqlar prosesinə dönüşün vacibliyini qeyd edib. Biz BMT vasitəsilə hər iki tərəflə uzunmüddətli sülhə nail olmaq üçün işləməyə sadiqik”.

Düzəlişdən sonra BMT sözü ATƏT sözü ilə əvəz edilib.

Qeyd edək ki, əvvəlki versiyada C. Kirbi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin BMT prosesi çərçivəsində həllini dəstəklədiyini demişdi.

01:45

"Biz tezliklə danışıqlar prosesinin qayıdışını və nizamlanmanı görməyi arzu edirik". APA -nın ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi məsələsində nizamlanma prosesini ATƏT-in Minsk Qrupu çərçivəsində dəstəklədiyini həmişə ifadə edən Dövlət Departamenti, bu dəfə BMT çərçivəsində nizamlanma prosesini dəstəklədiyini qeyd edib.

“Amerika Birləşmiş Ştatları BMT-in prosesini dəstəkləməyə davam edir və hesab edir ki, bu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının ən yaxşı yoludur. Minsk Qrupunun amerikalı həmsədri Rusiya və Fransadan olan həmsədrlərlə birlikdə regiona səfər edib və birmənalı olaraq qeyd edib ki, Biz tezliklə danışıqlar prosesinin qayıdışını və nizamlanmanı görməyi arzu edirik. Biz BMT-yə və tərəflərin uzunmüddətli sülhə nail olmaq istiqamətində fəaliyyətə möhkəm sadiqik", - deyə Kirbi bildirib.

APA