54
14:19
18 Aprel 2016

Qənirə Paşayeva Türk Ocaqları ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Zonquldaq şəhərində Türk Ocaqları rəhbərliyi və üzvləri ilə görüşüb.

Lent.az -ın məlumatına görə, millət vəkili görüşdə Türkiyə və Azərbaycan arasındakı birlik və bərabərliyinin önəmini bütün nəsillərə çatdırmağın vacibliyini dilə gətirib.

Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər, Azərbaycanın işğal olunmuş ərazilərindəki son vəziyyət, son hadisələr barədə geniş məlumatlar verən millət vəkili deyib ki, Türkiyə ilə Azərbaycanın birlikdə ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilər.

Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən Q.Paşayeva Azərbaycan xalqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb və bütün türk dünyasını buna çağırıb.

"Azərbaycanın gücü Türkiyənin gücüdür" fikrini xüsusi vurğulayan Q. Paşayev Zonquldaq Türk Ocaqlarındakı çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.

Millət vəkili Q. Paşayeva Zonquldaq Türk Ocaqları rəhbərliyi və üzvlərini Azərbaycana dəvət edib və onların suallarını geniş cavablandırıb. Görüşün sonunda millət vəkili Q.Paşayeva və araşdırmaçı-yazar İmdat Avşar birlikdə hazırladıqları "Karabağ hikayeleri" kitabını imzalayaraq Zonquldağ Türk Ocaqlarının rəhbərliyinə və üzvlərinə hədiyyə ediblər.