69
13:18
18 Aprel 2016

Gömrükçülər 500 kq heroin ələ keçirdi - Astarada - YENİLƏNİB

Aprelin 17-də Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkarlayıb.

DGK-nın mətbuat komitəsindən Lent.az -a daxil olan məlumata görə, Astara Gömrük İdarəsində İran İslam Respublikasından Azərbaycana daxil olan “Volvo” markalı yük avtomobilinin sürücüsü, Belarus vətəndaşı 39 yaşlıAleksandr Antonoviç Kuzmin idarə etdiyi nəqliyyat vasitəsilə tranzit yolla İrandan Belçikaya 20 ton 200 kq kişmiş yükü apardığını bəyan edib.

Əvvəlcədən daxil olan əməliyyat məlumatı əsasında Volvo markalı avtomobil “HCVC 6032” markalı stasionar-rentgen qurğusundan keçirilib. Avtomobildəki kişmiş yükünün arasındakı qaraltılar gömrükçülərdə şübhə doğurduğundan yükə fiziki baxış keçirilməsi qərara alınıb.

Gömrük yoxlaması zamanı 1997 kişmiş qutusundan 100-də xüsusi üsulla dördbucaq şəkildə qablaşdırılaraq qutulara yerləşdirilən 500 kiloqram narkotik vasitə heroin aşkar edilib. Avtomobilin sürücüsü yükün İran İslam Respublikasında yükləndiyini və son təyinat məntəqəsinin Belçika olduğunu, yükün içərisindəki narkotik vasitə-heroindən isə ümumiyətlə xəbərsiz olduğunu bildirib. Aşkar edilən narkotik vasitə hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, bu son 1 ayda Azərbaycan gömrükçülərinin narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində həyata keçirdiyi 2-ci uğurlu əməliyyatdır.