78
12:54
16 Aprel 2016

Uşaqları mütləq bağçaya göndərmək lazımdır - NİYƏ?

Uşaqların düzgün istiqamətdə inkişafında, gündəlik rejimlərinin formalaşmasında, məktəbə hazırlıqlarında bağçalar az rol oynamır. Dövlət Statistika Komitəsinin 2016-cı ilin əvvəlinə olan məlumatına görə, hazırda Azərbaycanda uşaqların yalnız 20 faizi bağçaya cəlb olunub.

Bu rəqəm 2014-cü ildə 14 faiz təşkil edib. Hazırda ölkə üzrə dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin sayı dəqiqləşdirilməsə də, iki il öncənin statistik məlumatında qeyd olunub ki, Azərbaycanda 1680 dövlət və özəl məktəbəqədər təhsil müəssisəsi var.

Azərbaycanda uşaqların məktəbəqədər təhsil müəssisələri ilə əhatəliliyi 1-5 yaşlı uşaqların ümumi sayına nisbətən 13,3 faizdir. Bu göstərici şəhərdə 19,2%, kənddə 7,5% təşkil edir.

Bakıda dövlət uşaq bağçaları ilə yanaşı, özəl bağçalar da fəaliyyət göstərir. Təhsil üzrə ekspert Etibar Əliyev hesab edir ki, uşaqların hazırlığı üçün məktəbəqədər təhsil vacib olsa da, ölkədə uşaq bağçalarının sayı ilə məktəbyaşlı uşaqların sayının tərs mütənasib olması hələ də, minlərlə bağça yaşlı uşağın məktəbəqədər təhsildən kənarda qalmasına səbəb olur.

“İlk sosiallaşma məhz məktəbəqədər təhsildə yaranır” deyən Etibar Əliyevin sözlərinə görə, dövlət bağçalarına nisbətən özəl bağçalarda məktəbəqədər hazırlıq həm keyfiyyətinə, həm də şəraitinə görə fərqlidir: "Özəl bağçalarda əmək haqqının dövlət bağçalarına nisbətdə yüksək olması müəllim və tərbiyəçilərin işinin stimullaşdırılmasına birbaşa təsir edir. Təhsilin səviyyəsinə gəlincə, özəl bağçalar daha yüksək təcrübəli müəllimlərə üstünlük verirlər. Tərbiyə proqramları isə eynidir. İnkişaf etmiş ölkələrdə uşaqların bağçaya cəlb olunma faizi 90, postsovet ölkələrinin əksəriyyətində isə 50 faizdən yuxarıdır".

Maraqlıdır, paytaxtda fəaliyyət göstərən özəl bağçalarda məktəbəqədər hazırlıq standartlara cavab verirmi?

Psixoloq-psixoterapevt Günay Ağamalı uşaq bağçasında məktəbəqədər uşaqların hazırlıq proqramında dövlət standartlarına müəyyən əlavələr olduğuna diqqət çəkir: "Tədris dili Azərbaycan dilində aparılmasına baxmayaraq müəssisədə rus və ingilis dilli qruplar fəaliyyət göstərir. Məktəbə hazırlıq qruplarında isə valideynlərin istəyinə uyğun olaraq fransız dili də əlavə olunur. Əsəsən məntiq məşğələlərinə üstün verilir. Məntiqin uşaqlarda erkən yaşdan inkişafı onların gələcəkdə riyazi və zehni biliklərinin formalaşmasına böyük təsir göstərir. Bundan əlavə bədii ədəbiyyat, sadə riyazi təsəvvürlərin inkişafı bu kimi biliklər bağçada uşaqlara öyrədilir”.

Çəkiliş apardığımız digər özəl uşaq bağçaya gəlişimiz məktəbəqədər hazırlıq qrupunun rus dilində məşğələsinə təsadüf edir.

Mütəxəssis Raisa Səidova deyir ki, özəl bağçalara qəbul qaydaları bir-birindən fərqli olduğu kimi, uşaqların məktəbəqədər hazırlığı da fərqlidir. Hər qrupun özünəməxsus məşğələ proqramı var. Gündəlik bu proqrama uyğun məşğələlər keçirilir: "Bağçaya qəbul olunduğu gündən buraxılış gününədək uşaqlar müxtəlif yaş qruplarında mükəmməl hazırlıq keçirlər. Elə uşaqlar olur ki, onlar digər dillərdə bir cümlə belə bilmirlər, hətta rus dilində belə. Biz isə nəinki onların digər dilləri mənimsəməsinə eyni zamanda məktəb proqramı üzrə hazırlığına çalışırıq. Nitqin inkişafına xüsusi diqqət yetiririk. Çünki , Azərbaycan, rus və ingilis keçirilən məşğələlər uşaqlarda ilkin dilin inkişafında, səslərin sözlərdən fərqləndirilməsində, düzgün cümlələr qurulmasında böyük rol oynayır”.

Həkim-pediatr Sevinc Abdullayeva özəl bağçalarda uşaqların tibbi sağlamlığına daha çox diqqət yetirildiyini deyir. Onun sözlərinə görə, yeni qəbul olunan uşaqların bağçada hərtərəfli tibbi müayinədən keçirilir. Uşağın fiziki göstəriciləri, boyu, çəkisi və ən əsası isə sinir psixi inkişafı qiymətləndirilir. Bu proses hər üç aydan bir təkrar olunur, nəticələr isə valideynlərə təqdim edilir: "Hər səhər uşaqlar tibbi filtrdən keçirilir. Onun əsnəyinə baxılır, dəri yoxlanılır, bədən hərarətinə diqqət yetirilir. Əgər uşaqda bir xəstəlik simptomu aşkarlanarsa, o dərhal geri göndərilir. Yox, əgər sadaladıqlarım gün ərzində baş verərsə, həmin uşaqlar bağçadakı tibbi bokslarda yerləşdirilir. Onlara tibbi yardımlar göstərilir. Əsas odur ki, onlar sağlam uşaqların əhatəsində olmurlar. Gündə bir saat gəzintidə olurlar. Ən mühüm məsələ isə sağlam qidadır. Menyu həkim tərəfindən tərtib olunur. Bütün qida normativləri və kalori nəzərə alınır. Sağlam uşaq böyütmək üçün mütləq kalori nəzər alınmalıdır".

Valideynlərin də məsələyə münasibətini öyrəndik. Övladını 4 yaşından bağçaya göndərən Günel İbrahimova məktəbə hazırlıq prosesindən razıdır: "Övladımı 4 yaşından bağçaya vermişəm. Amma kaş ki, daha tez qoyardım. Həm mənəvi, həm fiziki durumundan, eyni zamanda sosiallaşmasından çox razıyam. Artıq onun məktəbə hazırlığından arxayınam. Onunla evdə məşğul olmağa ehtiyac yoxdur. Artıq imtahana hazırlaşırıq məktəbə getmək üçün. Əlavə hazırlığa ehtiyac duymuram, bağçanın hazırlığı kifayət edir".

Digər valideyn Rəna Zeynalova isə deyir ki, uşağın nitq qüsurlarının aradan qalxmasında bağçanın böyük rolu olub: "Uşağı bağçaya verəndə çox narahat idim. Çünki mənim qızım danışmırdı. Bir az narahat idim ki necə olacaq? İndi uşağın 4 yaşı var. İki ildir bağçaya gedir. Nitqi demək olar ki, tam düzəlibdir. 3 yaşından fikirlərini artıq sərbəst ifadə edir".

Gəldiyimiz qənaət budur - uşaqlarınızı mütləq məktəbəqədər hazırlıq müəssisələrinə göndərin. Çünki uşaqların təhsil və tərbiyəsinə edilən yatırım heç vaxt itmir.