57
12:22
15 Aprel 2016

Nazirlik minə yaxın şəxsi peşə kurslarına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində cari ilin yanvar-mart aylarında 928 nəfər şəxs dərzi, kompyuter istifadəçisi, kompyuterçi-dizayner, elektrik montyoru, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, bərbər, toxuculuq, kulinariya və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, onlardan 835 nəfər, o cümlədən 22 nəfər əlilliyi olan şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi kurslara, 93 nəfər isə nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul edilib. Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 115 nəfəri (12,4 faiz) əlilliyi olan şəxslərdən, həmçinin 577 nəfəri (62,2 faiz) gənclərdən ibarət olub. Yanvar-mart aylarında nazirlik tərəfindən əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət olan 32465 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib.