38
11:05
15 Aprel 2016

Terrora qarşı yeni qurum - İSLAM POLİSİ

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Zirvə toplantısında Türkiyə maraqlı bir təkliflə çıxış edib. Lent.az -ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Rəsmi Ankara bildirir ki, İƏT üzvü olan 56 ölkə terrora qarşı güclü işbirliyi qura - mərkəzi İstanbulda olacaq bir İslam Polisi Koordinasiya Mərkəzi (İslam-pol) yarada bilərlər. Zirvə toplantısında bu məsələ artıq qəbul edilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan toplantının açılışında bu təkliflə çıxış etdi. Ərdoğan bildirib ki, terrora qarşı birgə əməliyyatlarla yanaşı başqa tədbirlərə də əl atmaq lazımdır:

"Terrorçuların maliyyə və insan qaynaqlarına qarşı da mübarizə aparmaq lazımdır. Bunun üçün də beynəlmiləl işbirliyi böyük əhəmiyyətə malikdir. İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr arasında, terrora və başqa cinayətlərə qarşı bu cür birgə mübarizələr daha effektli olacaq. Buna görə də Türkiyə olaraq İstanbul mərkəzli bir İƏT Polis İşbirliyi və Koordinasiya Mərkəzinin qurulmasını təklif edirik".

Təklif artıq qəbul edilib. İƏT Polis İşbirliyi və Koordinasiya Mərkəzi layihəsi DAEŞ kimi terror təşkilatlarına qarşı birgə mübarizəni həyata keçirməyə yönəlib. Mərkəz İstanbulda qurulacaq. Və İƏT-ə bağlı fəaliyyət göstərəcək.