48
12:30
14 Aprel 2016

"Təhsil səviyyəsi aşağı olan ibtidai sinif müəllimləri çoxdur" - Nazirlik

"Məktəblərdə adları gedən və özləri olmayan müəllimlər var". Lent.az -ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyev jurnalistlər üçün keçirilən təlimdə deyib. O bildirib ki, 2014-cü ildə Bakıda keçirilən diaqnostik qiymətləndirmə zamanı 30 minə yaxın müəllimdən təxminən 6500-ü ibtidai sinif müəllimi olub: "Elə o zaman da ən böyük problem həmin müəllimlərlə yarandı. Çünki onlar arasında təhsil səviyyəsi aşağı insanlar çox idi. Hətta həmin imtahanlarda elmi dərəcəsi olanlar 5-6 suala ancaq cavab yaza bilmişdi. Qiymətləndirmə zamanı bütün bu problemlər aşkar olunub".

E.Əlyev deyib ki, imtahan nəticələrindən narazı qalan 3000 müəllimlə görüş keçirilib və qiymətləndirmənin əsas məqsədi onlara başa salınıb: "Başa saldıq ki, sizinlə digər müəllimlərin fərqi bilinməlidir. Ölkə üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılmasında məqsəd ilk növbədə kimlə işləməyi müəyyənləşdirməkdir".

Müəllimlərin keyfiyyət baxımından fərqləndiyini və məktəblərdə çox hallarda müəllimə qarşı ədalətsizlik olduğunu dilə gətirən şöbə müdiri bildirib ki, məktəblərdə 20-30 il pedaqoji stajı olanlar və yeni müəllimlər arasında fərq qoyulmalı idi: "Təcrübə onu göstərirdi ki, biliyindən arxayın olanlar elə imtahanlarda da yüksək nəticə göstərirdi. İmtahan müəllimlərinin nəticələri hər biri direktora ayrıca zərfdə verilib. Bununla da direktor müəllimləri arasındakı fərqi öyrənmiş olub. Hətta bir çox direktorlar qiymətləndirmədən sonra təşəkkür də ediblər. Çünki məktəbdə fironluq edən müəllimlər imtahandan sonra sakit kənara çəkilib. Nəticədə çox aşağı göstərici toplayan müəllimlərin bir qismi özləri ərizə yazıb işdən gediblər. Qiymətləndirmədən sonra əmək haqqı fərqini gördükdən sonra bölgə müəllimləri də qiymətləndirilmə keçirilməsi üçün müraciət ediblər".

E. Əliyev deyib ki, imtahanlarda psixologiya ilə bağlı sualların nəticələrinə görə, problemin daha çox ibtidai siniflərdə olduğu ortaya çıxıb: "Bu da səbəbsiz deyil. Hər sinifdə 20-30 uşaq olur. Təbii ki, ilk dəfə parta arxasında oturan uşaqlara çox həssas yanaşılmalıdır. Bunu nəzərə alaraq məktəbəqədər hazırlıq qruplarının yaradılmasını təklif etdik".