35
03:59
13 Aprel 2016

Rusiyalı deputat: "Moskvaya bu münaqişə lazım deyil"

"Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli Rusiya üçünhəyati əhəmiyyət daşıyır. Fikrimcə, münaqişə zonasında vəziyyətin aktiv döyüş mərhələsinə keçməsi tərəflərə olduğu qədər də Rusiya və Türkiyəyə də ziyan gətirəcək. Bu vəziyyətin yeganə sərf etdiyi tərəf Vaşinqtondur". APA -nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Parlamentsakaya qazeta" da keçirilən "Dağlıq Qarabağa görə mübahisə...Atəşkəs nə qədər davam edəcək?" adlı dəyirmi masada çıxış edən Rusiya Dövlət Dumasının iqtisadi siyasət, innovasiya inkişafı və sahibkarlıq üzrə Komitəsinin sədr müavini Mixail Yemelyanov bildirib.

Deputat xatırladıb ki, aprelin əvvəlində 22 ildən sonra ilk dəfə regionda vəziyyət gərginləşib: "Qarabağda hərbi aviasiya və tankların iştirakı ilə aktiv döyüşlər başladı. Baxmayaraq ki, atəşkəs elan olunub, tərəflər atəşkəs barədə razılığı pozmaqda bir-birilərini günahlandırırlar. Bu münaqişənin siyasi yolla həlli Rusiya üçün həyati cəhətdən önəmlidir. Ona görə ki, bizim üçün postsovet məkanında münaqişələrdən təhlükəli heç nə yoxdur. Əlbəttə ki, regionda aktivləşmə Türkiyəni də bu müharibəyə çəkir. Lakin bu, heç kimə sərfəli deyil. Aydındır ki, ABŞ bu münaqişənin yeganə benefisiarıdır".

M. Yemelyanovun qeyd edib ki, Ukrayna ssenarisinin həyata keçirilməsindən sonra Vaşinqtonun Dağlıq Qarabağda vəziyyəti gərginləşdirməyə çalışacağı məlum olub: "Aydındır ki, Ermənistan Avrasiya İqtisadi Birlikdə bizim müttəfiqimiz, Azərbaycan isə strateji tərəfdaşımızdır. Hansı ki, Bakı dəfələrlə beynəlxalq arenalarda Moskvanın mövqeyini dəstəkləyib. Buna misal olaraq AŞPA-da Ukrayna məsələsi ilə bağlı Azərbaycan Rusiyanı dəstəkləmişdi. Ona görə də, Moskvaya bu münaqişə lazım deyil. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsini diplomatik yolla həll etməyə nail olunacaq".

Rusiyalı deputat dəyirmi masada iştirak edən erməni jurnalistin "Rusiya, bu baş verənlərdən sonra Azərbaycana yenə silah satacaqmı? Bu münaqişədə Rusiyanın Azərbaycana satdığı silahlar onun hərbi müttəfiqi Ermənistan əleyhinə istifadə olunur" sualına belə cavab verib: "Rusiya həm Azərbaycana, həm də Ermənistana silah satır. Hər iki ölkəyə silah satılan zaman balans qorunur. Bundan sonra da belə olacaq. Azərbaycana silah satmaq bizə sərf edir".