33
12:00
12 Aprel 2016

Bu il yol qəzalarında ölənlərin sayı açıqlandı - RƏSMİ RƏQƏM

Bu ilin ilk 3 ayında ölkədə 419 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 143 nəfər ölüb, 453 nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA -ya verilən məlumata görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 110 fakt (20,8%), ölənlərin sayı 80 nəfər (35,9%), xəsarət alanların sayı 102 nəfər (18,4%) azalıb.

Bakı şəhəri ərazisində 147 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 31 nəfər ölüb, 160 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, ölənlərin və xəsarət alanların sayı uyğun olaraq 60 fakt (29%), 37 nəfər (54,4%), 61 nəfər (27,6 %) azalıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 36,9%-i (155 hadisə, 52 ölüm, 183 xəsarət alan ) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 24,3%-i (102 hadisə, 43 ölüm, 89 xəsarət alan) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 13,8%-i (58 hadisə, 10 ölüm, 81 xəsarət alan) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,1%-i (5 hadisə, 2 ölüm, 5 xəsarət alan) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 40,8%-ni (171) piyadaların vurulması təşkil edib. Nəticədə 64 piyada ölüb, 119-u xəsarət alıb. 5 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 9 nəfər uşaq və yeniyetmə ölüb, 35 nəfər xəsarət alıb.